Xəbər lenti

65 yaşlı keçmiş ölkə vitse-prezidenti peşəkar futbol matçında qol vurdu
İdman12:46 02.11.2026

65 yaşlı keçmiş ölkə vitse-prezidenti peşəkar futbol matçında qol vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Surinamın keçmiş vitse-prezidenti, narkotik qaçaqmalçılığına görə məhkum olunmuş Ronnie Brunsvijk 65 yaşında ölkəsinin yüksək liqasında ilk qolunu vurub. O, həm də sahibi olduğu “Inter Moengotapoe” klubunun heyətinə özünü daxil edərək penalti zərbəsini dəqiq yerinə yetirib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Hadisə şənbə günü Surinam Major Liqasının “Politie Voetbal Vrienden” komandası ilə qarşılaşmasında baş verib. Həmin vaxt “Inter Moengotapoe” 4:0 hesabı ilə öndə olub. Hakim penalti təyin etdikdən sonra topa yaxınlaşan Brunsvijk zərbəni sağ küncə göndərərək hesabı 5:0 edib. Bununla da 65 yaşlı futbolçu liqada ilk qolunu rəsmiləşdirib.

11 dəfə ölkə çempionu olmuş klubun sahibi olan Brunsvijk 2020-2025-ci illərdə Surinamın vitse-prezidenti vəzifəsində çalışıb. Onun adı isə uzun müddətdir müxtəlif qalmaqallarda hallanır. Belə ki, Niderland məhkəməsi 1999-cu ildə onu kokain qaçaqmalçılığına görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib. Lakin iki ölkə arasında ekstradisiya sazişi olmadığından o, cəzasını çəkməyib.

Brunsvijk əvvəllər də yaşına baxmayaraq rəsmi oyunlarda meydana çıxıb. 2021-ci ildə 60 yaşında Hondurasın “CD Olimpia” klubuna qarşı KONKAKAF Liqası matçında iştirak edib. Həmin görüşdə komandası 0:6 hesabı ilə məğlub olub. Oyundan sonra onun rəqib komandanın paltardəyişmə otağında futbolçulara pul payladığını əks etdirən görüntülər yayılıb. Nəticədə hər iki klub turnirdən kənarlaşdırılıb, Brunswijk isə üç il müddətinə futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, 2024-cü ildə FIFA-nın dəstəyi ilə yaradılan Surinam Major Liqasının əsas məqsədi ölkə futbolunu peşəkarlaşdırmaqdır. Brunsvijkin özünü yenidən meydana çıxarması və penalti zərbəsini yerinə yetirməsi isə liqanın obyektivliyi ilə bağlı müzakirələrə səbəb olub.

Buna baxmayaraq, “Inter Moengotapoe” mövsümün ilk üç turunu məğlubiyyətsiz başa vurub.

Aydın