Xəbər lenti

"Xəstə ziyarətinə oynaya-oynaya getməzlər" - Samirə Yusifqızı həmkarlarını tənqid etdi
Maqazin13:03 02.11.2026

"Xəstə ziyarətinə oynaya-oynaya getməzlər" - Samirə Yusifqızı həmkarlarını tənqid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddətdir Əməkdar artist Firuzə İbadova yataq xəstəsidir. Müğənni İzzət Bağırovun həmkarlarına müraciətindən sonra sənət adamları Firuzə İbadovanı evində ziyarət etməyə başlayıblar.

Lakin bu ziyarətlərdə diqqətçəkən bir məqam var - bəzi müğənnilər xəstə otağına mahnı oxuya-oxuya daxil olurlar. Müğənni Nüşabə Musayevanın ziyarəti isə sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. Oynaya-oynaya Firuzə İbadovanın yatdığı otağa daxil olan Nüşabə Musayeva sonda müvazinətini itirərək xəstənin üstünə yıxılıb.

Müğənni Samirə Yusifqızı Qaynarinfo-ya açıqlamasında kimliyindən asılı olmayaraq, xəstə ziyarətlərinin çəkilərək sosial şəbəkələrdə paylaşılmasının əleyhinə olduğunu bildirib. O, həmkarlarının davranışını da düzgün hesab etmədiyini deyib:

“Allah Firuzə xanıma şəfa versin. İnşallah, tezliklə ayağa qalxsın. Əminəm ki, qalxacaq da. Elə ciddi bir şey yoxdur, səhhəti əvvəlki vəziyyətinə qayıdacaq. Oynamağa gəlincə, nə bilim, nə deyim? Hərə öz bildiyi kimi edir. Kimi qınayım? Öz həmkarlarımı? Onları qınaya bilmərəm axı. Çünki mən də onların bir nümayəndəsiyəm, yaxınıyam, dostuyam. Sadəcə, deyirəm ki, belə şey olmaz. Həm də bunu çəkib camaata göstərmək heç olmaz. Ayıbdır, sadəcə, ayıbdır”.

Samirə Yusifqızı hesab edir ki, Firuzə İbadovanın mülayim xasiyyətindən sui-istifadə etmək olmaz. Onun sözlərinə görə, müğənni heç kimin xətrinə dəyməmək üçün narazılığını açıq ifadə etməyə bilər:

“Çünki Firuzə xanım yumşaq xasiyyətli qadındır. O, heç kimin xətrinə dəyməz. Bu o demək deyil ki, xəstənin yanında nə gəldi edə bilərik. Xeyr, mən də gedib ona baş çəkmişəm. Amma belə də olmaz. Bu, bir qədər yüngüllük kimi görünür. Düzdür, hər kəsin öz fikri var, hamının fikrinə hörmətlə yanaşıram. Amma məncə, xəstə bunu üzə vurmasa da, ürəyində düşünə bilər ki, axı mənim yanıma heç vaxt bu şəkildə gəlməyiblər. Guya bütün bunlar onu şənləndirmək üçündür? Məncə, belə deyil”.

Bahar Rüstəmli