
ABŞ və İran arasında hərbi qarşıdurma Hörmüz boğazı və ətraf ərazilərdə yeni gərginliklə müşayiət olunur. Amerika hərbçiləri İranın strateji əhəmiyyətli Qeşm adasına zərbə endirib, Oman sahillərində isə ticarət gəmisinə hücum edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ), “Axios” və Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatlarında bildirilir.
WSJ-nin amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, ABŞ son bir neçə həftə ərzində İran ərazisində məhdud hərbi zərbələr həyata keçirir. Vaşinqtonda bəzi rəsmilər bu əməliyyatları Hörmüz boğazında ticarət gəmilərinə mümkün hücumların qarşısını almağa yönəlmiş müdafiə tədbirləri kimi qiymətləndirirlər.

“Axios” jurnalisti Barak Ravidin məlumatına görə isə noyabrın 3-nə keçən gecə SEPAH Qeşm adasından Hörmüz boğazında olan ABŞ təyyarəsinə raket atıb. Buna cavab olaraq Amerika qırıcısı raketin buraxıldığı zenit-raket qurğusunu məhv edib. Amerikalı rəsmi hadisəni özünümüdafiə addımı kimi xarakterizə edib.
Qeyd edək ki, Qeşm adasında yeraltı raket kompleksi və hərbi dəniz bazası yerləşir. Bu ərazi əvvəllər də ABŞ-nin zərbələrinə məruz qalıb. İran mediası adada partlayış səslərinin eşidildiyini, SEPAH-ın iki ABŞ kəşfiyyat dronunu ələ keçirdiyini, daha bir pilotsuz uçuş aparatını isə vurduğunu iddia edib.

Oman sahillərində ticarət gəmisinə hücum
Hərbi gərginlik fonunda Oman sahillərində də insident qeydə alınıb. UKMTO-nun məlumatına əsasən, Lima şəhərindən 9 dəniz mili şimal-şərqdə hərəkət edən gəmi naməlum mərmi ilə vurulub. Zərbə nəticəsində gəminin sağ bortunda dəlik yaranıb. Ekipaj üzvlərinin təhlükəsiz olduğu bildirilsə də, gəminin adı və qeydiyyat ölkəsi açıqlanmayıb.

Tramp müharibənin xərcini cüzi hesab edir
ABŞ Prezidenti Donald Tramp isə İranla hərbi qarşıdurmaya xərclənən 30 milyard dolları “cüzi məbləğ” adlandırıb. “Fox News”a müsahibəsində o, ABŞ-nin Venesuelada daha çox vəsait əldə etdiyini bildirib.
Tramp Vaşinqtonun Tehranla qarşıdurmada güclü mövqedə olduğunu desə də, tərəflər arasında razılaşmanın əldə edilməsi üçün yaxşı imkanların qaldığını vurğulayıb.
Beləliklə, Qeşm adasına endirilən zərbə, Hörmüz boğazında baş verən raket insidenti və Oman sahillərində ticarət gəmisinin hücuma məruz qalması regionda təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığını göstərir.
Aydın