
İsanın İordan çayında vəftiz olunduğu yerin dəqiq coğrafi mövqeyi arxeoloji qazıntıların nəticələri və qədim səyyahların qeydləri əsasında müəyyən edilib. Tədqiqatçılar bu hadisənin çayın qərb deyil, şərq sahilində baş verdiyini irəli sürürlər.
Qaynarinfo xəbər verir ki, İordaniyanın Haşimi Universitetinin professoru Məhəmməd Vahibin araşdırmasında vəftiz yerinin Vadi əl-Harrar vadisində yerləşdiyi bildirilir. Ərazi İordan çayının şərq sahilində, Təl-Mar-İlyas adlanan tarixi məkanın yaxınlığındadır.
Alimin 1996–2002-ci illərdə aparılmış arxeoloji qazıntıların nəticələrini təhlil etməsi araşdırmanın əsasını təşkil edib. Həmin ərazidə Roma, Bizans və erkən İslam dövrlərinə aid tikililərin qalıqları, kilsələr, vəftiz mərasimləri üçün hovuzlar, ibadət zalları və su təchizatı sistemləri aşkarlanıb. Tapıntılar bu məkanın İsa və Vəftizçi Yəhyanın yaşadığı dövrdə də məskunlaşma yeri olduğunu göstərir.
Vahib araşdırma zamanı arxeoloji sübutları qədim zəvvarların qeydləri ilə də müqayisə edib. Xüsusilə 333-cü ilə aid Bordo zəvvarının qeydləri və 530-cu ildə Feodosi tərəfindən yazılmış əsər diqqətə alınıb. Hər iki mənbədə vəftiz yerinin İordan çayının Ölü dənizə töküldüyü nöqtədən təxminən beş mil məsafədə yerləşdiyi qeyd olunur. Bu məsafə arxeoloji qalıqların aşkarlandığı ərazi ilə üst-üstə düşür.
Məqalədə bildirilir ki, İsanın vəftiz olunduğu məkanla bağlı əsrlər boyu davam edən mübahisələrin səbəblərindən biri erkən xristian ilahiyyatçısı Origenin irəli sürdüyü fərziyyə olub. O, İncildə adı çəkilən Betaniyanın çayın şərq sahilində deyil, qərb sahilində yerləşən başqa bir məkanla əlaqəli olduğunu düşünürdü.
Lakin Vahib bu yanaşmaya qarşı çıxaraq V–VI əsrlərə aid Madaba mozaika xəritəsini əsas gətirib. Xəritədə çayın hər iki sahilindəki yaşayış məntəqələrinin ayrı-ayrı adlarla göstərilməsi Betaniya və Betavaranın fərqli məkanlar olduğunu təsdiqləyən dəlil kimi təqdim edilir.
Tədqiqatçıların fikrincə, qədim tikililərin hazırda çaydan müəyyən məsafədə yerləşməsi isə əsrlər ərzində çay yatağının dəyişməsi və baş verən daşqınlarla əlaqədardır.
Aydın