Xəbər lenti

İşdə əlavə yükdən qurtulmağın yolları - Psixoloq məsləhətləri
Dünya17:37 02.11.2026

İşdə əlavə yükdən qurtulmağın yolları - Psixoloq məsləhətləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İş yerində həmkarlarının və rəhbərliyin bütün xahişlərinə razılıq vermək əməkdaşın üzərinə əlavə yük düşməsinə səbəb ola bilər. Psixoloqlar belə hallarda sərhədləri düzgün müəyyənləşdirməyi, imtina edərkən isə özünü uzun-uzadı izah etməməyi tövsiyə edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin psixoloqu Yuliya Stolyarova “İzvestiya” nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, insanlar bəzən ətrafdakıların narazılığından və mənfi münasibətindən çəkindikləri üçün başqalarının işlərini də öz üzərlərinə götürürlər. Bu davranışın arxasında çox vaxt kömək etmək istəyindən daha çox, başqalarının onları necə qiymətləndirəcəyi ilə bağlı narahatlıq dayanır.

Stolyarova hesab edir ki, əlavə tapşırığı qəbul etməzdən əvvəl insan özünə bir sual verməlidir: həqiqətən kömək etmək istəyir, yoxsa sadəcə qarşı tərəfi narazı salmaqdan qorxur?

Əgər əməkdaş dərhal qərar verə bilmirsə, psixoloq cavabı təxirə salmağı məsləhət görür. Məsələn, məsələyə iş gününün sonunda və ya növbəti səhər qayıtmaq olar. Bu müddətdə mövcud iş yükünü qiymətləndirmək və əlavə tapşırığın şəxsi öhdəliklərə necə təsir edəcəyini müəyyənləşdirmək mümkündür.

İmtina edərkən bəhanə uydurmaq lazım deyil

Psixoloq vurğulayıb ki, əlavə işdən imtina edən zaman müxtəlif bəhanələr gətirmək və özünü uzun-uzadı müdafiə etmək düzgün deyil. Əməkdaş qərarını açıq şəkildə bildirməli, imkan daxilində alternativ həll yolu da təklif etməlidir. Məsələn, tapşırığın daha sonra müzakirə olunmasını və ya onun icrası üçün müəyyən istiqamət göstərməyi təklif edə bilər.

Rəhbərlik əlavə tapşırıq verdikdə isə mövcud işlərin prioritetini dəqiqləşdirmək tövsiyə olunur. Stolyarovanın fikrincə, əməkdaş belə vəziyyətdə rəhbərinə yeni tapşırığın hazırkı öhdəliklərə təsirini izah etməlidir.

Məsələn, “Bu işi üzərimə götürə bilərəm, amma o zaman digər tapşırığın icrası gecikəcək. Hansı daha vacibdir?” sualı ilə müraciət etmək olar. Beləliklə, əməkdaş sadəcə imtina etmir, həm də rəhbərliyə işlərin düzgün bölüşdürülməsində kömək edir.

Rəhbər təzyiq göstərdikdə və ya narazılığını bildirdikdə isə psixoloq sakitliyi qorumağı və mövqeyi əlavə bəhanələr gətirmədən təkrar ifadə etməyi məsləhət görür.

Aydın