
Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük Ebola böhranına çevrilən virus epidemiyası coğrafi sərhədləri aşaraq Avropaya və digər qitələrə də yayılmağa başlayıb. Mütəxəssislər peyvəndi olmayan bu təhlükəli virus variantının 21 günə qədər davam edə bilən inkubasiya dövrü səbəbindən qlobal fəlakətə çevrilə biləcəyi barədə xəbərdarlıq edərək təcili tədbirlər görülməsinə çağırırlar.
Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, dünyada əvvəlki epidemiyaların izləri hələ yaddaşlardan silinməmiş Afrika qitəsindən gələn narahatedici xəbərlər qlobal səhiyyə ictimaiyyətini yenidən hərəkətə keçirib. Konqo Demokratik Respublikasında başlayan və sürətlə yayılan Ebola epidemiyası nəzarət altına alınmadığı təqdirdə beynəlxalq böhran mənbəyinə çevrilə bilər.
Yoluxma hallarının qısa müddətdə 10 mini, həyatını itirənlərin sayının isə 5 mini ötməsi təhlükənin çatdığı qorxulu miqyası nümayiş etdirir. Yoluxma və ölüm hallarının artması Avropada həyəcan siqnallarının verilməsinə səbəb olub.
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin direktoru doktor Jan Kaseya epidemiyanın coğrafi yayılmasının “indiyədək görünməmiş” səviyyəyə çatdığına diqqət çəkərək bütün dünyaya xəbərdarlıq edib: “Lazımi tədbirlər görülməsə, heç bir ölkə təhlükəsiz deyil”.
Qlobal həyəcan: "COVID-19 pandemiyası zamanı yol verdiyimiz səhvi təkrarlamayaq"
Səhiyyə mütəxəssisləri epidemiyanın yalnız Afrika ilə məhdudlaşmayacağı qənaətindədirlər. Doktor Kaseya bir çox ölkənin COVID-19 pandemiyasının ilk günlərində yaşadığı əsassız təhlükəsizlik hissinə qapılmamalı olduğunu bildirib. O, bütün dünyada səhiyyə sistemlərinin müalicə imkanlarının və hazırlıq səviyyəsinin dərhal artırılmasının vacibliyini vurğulayıb.
Avropada artıq ayrı-ayrı yoluxma hallarının qeydə alınması həyəcan təbili çalınmasına səbəb olub. Nigeriyada virusa yoluxan isveçrəli qadının Cenevrəyə köçürülməsi və Konqo Demokratik Respublikasından qayıdan fransalı həkimdə virusun aşkarlanması tibb mütəxəssislərinin “Epidemiya Avropaya və digər qitələrə səssizcə yayıla bilər” xəbərdarlıqlarını təsdiqləyir.

Tibb işçiləri Konqonun şərqində yerləşən Beni şəhərindəki müalicə mərkəzində Ebola virusundan sağalmış xəstəyə yardım edirlər
Gizli təhlükə: 21 günlük inkubasiya dövrü
Mütəxəssislərin fikrincə, virusun sərhədləri aşaraq yayılmasının əsas səbəblərindən biri onun uzun inkubasiya dövrüdür. Kembric Universitetinin virus genomu üzrə mütəxəssisi doktor Şarlotta Houldkroft virusun insan orqanizmindəki inkişafı ilə bağlı belə qiymətləndirmə aparıb:
“Ebola yoluxmalarında inkubasiya dövrü adətən 8-10 gün davam etsə də, bu müddət 21 günə qədər uzana bilər. Bu isə virusa yoluxmuş şəxsin heç bir xəstəlik əlaməti göstərmədən təyyarə ilə səyahət etməsi və virus daşıdığını bilmədən başqa ölkəyə çatması üçün kifayət qədər geniş zaman pəncərəsi yaradır”.
Bununla belə, mütəxəssislər xatırladırlar ki, Ebola COVID-19 kimi tənəffüs yolu ilə asanlıqla yayılan virus deyil. Virus əsasən yoluxmuş şəxslərin qanı və ya digər bədən mayeləri ilə birbaşa təmas nəticəsində ötürülür. Xəstəliyin sonrakı mərhələlərində yoluxduruculuq artsa da, inkişaf etmiş səhiyyə infrastrukturuna malik ölkələrdə yoluxan şəxslərin sürətlə təcrid edilə biləcəyi düşünülür.
Peyvəndi olmayan nadir virus ştammı
Mövcud epidemiyanı əvvəlki Ebola böhranlarından daha təhlükəli edən əsas amil onun Bundibuqyo adlanan nadir virus ştammından qaynaqlanmasıdır. Yoluxanların təxminən 50 faizində ölümə səbəb ola bilən bu varianta qarşı hələlik təsdiqlənmiş hazır peyvənd yoxdur.
Alimlər hazırda peyvənd hazırlamaq üçün zamanla yarışırlar. Davam edən klinik sınaqların nəticələrinin 3-6 ay ərzində əldə ediləcəyi gözlənilir. Uğurlu peyvəndin hazırlanması həm xəstəliyin ölüm göstəricisini azaltmaq, həm də qlobal yayılmasının qarşısını almaq baxımından yeganə uzunmüddətli həll yolu hesab olunur.

Ebola xəstələri üçün yaradılmış müalicə mərkəzində tibb işçisi həmkarı tərəfindən dezinfeksiya edilir
İkinci ən böyük Ebola böhranının astanasında
Xəstəlik ilkin mərhələdə qripə bənzər yüksək hərarət, baş ağrısı, əzələ ağrıları, qusma və ishal əlamətləri ilə başlayır. Sonrakı günlərdə isə daxili qanaxmaya və orqan çatışmazlığına səbəb olaraq ölümlə nəticələnə bilər.
İlk dəfə 2007-ci ildə Uqandada aşkarlanan və meyvə yarasalarından insanlara keçdiyi ehtimal edilən Bundibuqyo ştammı tarixinin ən böyük epidemiyasına səbəb olub.
Konqo Demokratik Respublikasında baş verən bu epidemiya ölkə tarixinin ən böyük Ebola epidemiyası olmaqla yanaşı, dünya miqyasında da 2014-2016-cı illərdə Qərbi Afrikada 11 min insanın ölümünə səbəb olan fəlakətdən sonra ikinci ən böyük Ebola böhranı kimi qeydə alınıb.
Beynəlxalq səhiyyə təşkilatları regional səhiyyə böhranının qlobal fəlakətə çevrilməməsi üçün bütün ölkələri erkən aşkarlama və karantin tədbirlərini gücləndirməyə çağırırlar.
Epidemiyanın ilk qurbanı olduğu ehtimal edilən tibb işçisi həyatını itirib
Ebola epidemiyasının “məlum olan ilk qurbanı” hesab edilən tibb işçisi həyatını itirəndə xəstəliyin qorxunc əlamətləri artıq özünü göstərmişdi.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Bunia şəhərində çalışan və adı açıqlanmayan tibb işçisi aprelin 24-də yüksək hərarət, qusma və şiddətli qanaxma nəticəsində dünyasını dəyişib.
Lakin ölümcül virusun mövcudluğunun rəsmi şəkildə təsdiqlənməsi və beynəlxalq ictimaiyyətin fövqəladə vəziyyət barədə məlumatlandırılması düz üç həftə çəkib. Bu kritik gecikmə müddətində virus sürətlə yayılaraq ölkəni tarixinin ən böyük Ebola epidemiyalarından biri ilə üz-üzə qoyub.
Digər tərəfdən, mütəxəssislər virusun hakimiyyət orqanlarının mayın 15-də epidemiya elan etməsindən aylar əvvəl, hətta fevral ayında dağ-mədən şəhəri olan Monqvaluda yayılmağa başladığına inanırlar.
Testlər virusu aşkarlaya bilmədi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bunia üzrə nümayəndəsi doktor Enn Ansia ilk yoluxma halları qeydə alındıqda yerli həkimlərin Ebola testləri apardıqlarını, lakin nəticələrin mənfi çıxdığını bildirib.
Bunun səbəbi istifadə edilən testlərin ölkədə əvvəlki 17 epidemiyanın 15-nə səbəb olmuş Zair ştammını aşkarlaya bilməsi idi.
Testlərin nəticələri mənfi çıxdıqdan sonra tibb işçiləri xəstəliyin malyariya və salmonella infeksiyalarının birləşməsi olduğunu ehtimal ediblər.
Xəstələrdə beş gün keçməsinə baxmayaraq dayanmayan qanaxmalar davam etdikdə nümunələr daha müasir laboratoriyalara göndərilib. Nəticədə bölgədə daha nadir rast gəlinən Bundibuqyo ştammı aşkarlanıb.
Aydın