Xəbər lenti

Alimlərdən 2150-ci il üçün iqlim ssenarisi - Milyonlarla insan təhlükə ilə üz-üzədir
Dünya22:09 02.11.2026

Alimlərdən 2150-ci il üçün iqlim ssenarisi - Milyonlarla insan təhlükə ilə üz-üzədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qlobal istiləşmənin təsirləri əsrlər sonra da dünyanın gündəmində qala bilər. Alimlər xəbərdarlıq edirlər ki, hazırkı iqlim siyasəti dəyişməzsə, buzlaqların əriməsi, okean səviyyəsinin yüksəlməsi və ekosistemlərin pozulması daha ciddi fəsadlara səbəb olacaq. Yeni araşdırmaya görə, planetin buz örtüklərini uzunmüddətli perspektivdə qorumaq üçün qlobal temperatur artımını hətta 1 dərəcədən aşağı salmaq lazım gələ bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Guardian” nəşri BMT-nin Ətraf Mühit Proqramı və Beynəlxalq Kriosfer İqlim Təşəbbüsünün birgə hazırladığı hesabat əsasında məlumat yayıb.

80 alimin iştirak etdiyi araşdırmada sənaye öncəsi dövrlə müqayisədə Yer kürəsində temperaturun artıq 1,3 dərəcə yüksəlməsinin buzlaqlara ciddi təzyiq göstərdiyi bildirilib. Mütəxəssislər Paris İqlim Sazişində nəzərdə tutulan 1,5 dərəcəlik həddin aşılmasından sonra temperaturun yenidən aşağı salınmasının belə baş vermiş itkiləri tam kompensasiya etməyəcəyini vurğulayıblar.

Hesabata əsasən, mövcud siyasət davam edərsə, qlobal istiləşmə təxminən 2,8-3 dərəcəyə çata bilər. Bu halda daimi donmuşluq qatının böyük hissəsinin əriməsi, okean axınlarında kəskin dəyişikliklər və dənizlərin turşulaşması təhlükəsi yaranacaq.

Alimlərin diqqət çəkdiyi digər məqam Qrenlandiya və Antarktida buz örtüklərinin ərimə sürətidir. Bildirilir ki, bu ərazilərdəki buz itkisi 1990-cı illərlə müqayisədə təxminən altı dəfə artıb. Temperatur artımı müvəqqəti olaraq 1,5 dərəcəni keçdikdən sonra yenidən həmin səviyyəyə endirilsə belə, buz itkisi davam edə bilər. Dəniz səviyyəsinin yüksəlməsi isə dünya üzrə yüz milyonlarla insanın həyatını təhlükə altına salır.

Hesabatın əsas müəlliflərindən olan buzlaqşünas Ceyms Kirkham bildirib ki, kriosferdə baş verən dəyişikliklər təkcə qütb və dağlıq ərazilərlə məhdudlaşmır, bütövlükdə planetin iqlim sisteminə təsir göstərir. Onun sözlərinə görə, İsveçrə son beş ildə buzlaq buzunun təxminən 20 faizini itirib. Növbəti onillikdə isə dünyada hər il minlərlə buzlağın yox olması gözlənilir.

Araşdırmada müxtəlif istiləşmə ssenariləri də müqayisə edilib. Mövcud siyasət nəticəsində temperaturun 2,8 dərəcə yüksələcəyi halda Qayalı dağlar, Alp dağları, İslandiya və Skandinaviyadakı buzlaq kütləsinin 10 faizdən də aşağı düşə biləcəyi proqnozlaşdırılır. İstiləşmə 1,5 dərəcə ilə məhdudlaşdırılarsa, həmin ərazilərdə buzlaqların təxminən 20-35 faizini qorumaq mümkün ola bilər.

Alimlər istixana qazı emissiyalarının təcili azaldılmasının vacibliyini vurğulayırlar. Hesabatda uzunmüddətli istiləşmənin 2150-ci ilədək 1 dərəcədən aşağı salınmasının buz örtüklərinin qorunması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunur.

Aydın