Xəbər lenti

Yer üzündə həyatın mənşəyi ilə bağlı məşhur nəzəriyyə sual altına düşdü
Dünya22:57 02.11.2026

Yer üzündə həyatın mənşəyi ilə bağlı məşhur nəzəriyyə sual altına düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yer üzündə həyatın kometlərin vasitəsilə kosmosdan gətirilən üzvi maddələr sayəsində yarandığı barədə uzun müddətdir müzakirə olunan nəzəriyyə yeni araşdırma ilə sual altına düşüb. Böyük Britaniyanın Kembric Universitetinin alimləri müəyyən ediblər ki, kometlərin Yerə yüksək sürətlə çırpılması zamanı həyatın yaranması üçün vacib olan üzvi molekulların böyük hissəsi buxarlanaraq məhv ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.

İndiyədək bəzi alimlər həyatın ilkin kimyəvi komponentlərinin kometlər vasitəsilə Yerə daşındığını ehtimal edirdilər. Kometlərin tərkibində həyatın yaranmasında mühüm rol oynaya biləcək hidrogen sianidin olması da bu nəzəriyyənin əsas dəlillərindən biri sayılırdı. Lakin yeni araşdırma göstərib ki, bu maddələrin planetin səthinə salamat çatması düşündüyümüzdən daha çətindir.

Tədqiqatçılar hidrogen sianid molekullarının kosmosdan Yerə təhlükəsiz şəkildə gəlib-gələ bilməsini yoxlamaq üçün kompüter vasitəsilə 100 min simulyasiya aparıblar. Nəticələrə görə, sınaqların 54 faizində kometlər lazımi kimyəvi maddələri Yerə çatdıra bilməyib. Toqquşma zamanı yaranan yüksək temperatur üzvi birləşmələrin məhvinə, okeanlara düşən kometlər isə həmin maddələrin həddindən artıq seyrəlməsinə səbəb ola bilər.

Araşdırmada üzvi maddələrin Yerə çatmasının mümkün olduğu 46 faizlik ssenari də nəzərdən keçirilib. Lakin alimlər bunu olduqca aşağı ehtimallı proses hesab edirlər. Tədqiqatın rəhbərlərindən doktor Riçard Enslo həyatın ilkin molekullarının kometlər vasitəsilə Yerə daşınmasını “milyonda bir baş verə biləcək təsadüf” kimi qiymətləndirib.

Alimlər bu nəticələrdən sonra həyatın yaranmasında Yerdə baş verən daxili kimyəvi proseslərin və asteroid toqquşmalarının roluna daha çox diqqət yetirilməsini təklif edirlər.

Araşdırma kosmosda həyat axtarışına da yeni istiqamət verə bilər. Tədqiqatçılar gələcəkdə yeni nəsil teleskoplarla bir-birinə yaxın hərəkət edən planet sistemlərinin öyrənilməsini vacib sayırlar. Belə sistemlərdə kometlərin sürətinin azalması və üzvi maddələri planetlərin səthinə daha təhlükəsiz çatdırması ehtimalı mövcuddur.

Beləliklə, yeni tədqiqat Yer üzündə həyatın dəqiq necə yarandığına cavab verməsə də, onun kosmosdan hazır şəkildə gətirilməsi ehtimalını zəiflədən elmi nəticələr ortaya qoyur.

Aydın