
İrlandiyanın Roskommon qraflığında yerləşən, təxminən 5 500 illik tarixə malik Ratkroqan qədim kral mərkəzi arxeoloqların və turistlərin marağına səbəb olub. Burada yüzlərlə tarixi abidə, qədim kurqanlar və yeraltı aləmə giriş hesab edilən sirli mağara mövcuddur.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC yazıb.
Təxminən 6,5 kvadratkilometr ərazini əhatə edən Ratkroqanda indiyədək 266 arxeoloji abidə qeydə alınıb. Onların arasında qədim kurqanlar, Dəmir dövrünə aid müdafiə tikililəri, Oqam yazılı daşlar və müqəddəs quyular var.
Bu ərazi İrlandiya mifologiyasında da xüsusi yer tutur. Ölkənin məşhur “Tain Bo Kuailnge” eposunun hadisələri məhz Ratkroqanda başlayır və burada başa çatır.
Qədim kralların dəfn olunduğu ərazi
Təxminən 5 500 il əvvəl formalaşmağa başlayan Ratkroqan qədim İrlandiyanın mühüm siyasi və mərasim mərkəzlərindən biri olub. Burada kralların tacqoyma mərasimləri, toylar, dəfn mərasimləri və müxtəlif ictimai toplantılar keçirilib. Ərazidə ümumilikdə 40-a yaxın kurqan aşkar edilib.
Arxeoloqların fikrincə, Ratkroqan yalnız hökmdarların yaşadığı məkan deyil, həm də müxtəlif icmaların bir araya gəldiyi mərasim və görüş yeri olub.
Ərazinin diqqətçəkən abidələrindən biri diametri 110 metr olan dairəvi torpaq istehkamıdır. “Krallar qəbiristanlığı” kimi tanınan bu tikilinin həm də zadəganların iqamətgahı kimi istifadə edildiyi ehtimal olunur.
Yeraltı tikililər və açılmamış kurqan
Ratkroqanın ən böyük abidələrindən biri diametri 88 metr, hündürlüyü isə 5,5 metr olan qədim kurqandır. Bu günədək qazıntı aparılmayan tikilinin altında geofiziki tədqiqatlar nəticəsində bir neçə naməlum struktur müəyyən edilib.
Qoluey Universitetinin arxeologiya üzrə professoru Con Vaddellin sözlərinə görə, yeraltı strukturların bir qismi digərinin üzərində inşa olunub. Alimlərdən biri bu tikililərin böyük mərasim məkanı və ya dairəvi taxta zal ola biləcəyini ehtimal edir.
“Cəhənnəmin qapısı” adlandırılan mağara
Ərazinin ən sirli məkanı isə Oveynaqat mağarasıdır. Qədim əfsanələrdə bu yer ölülər dünyasına açılan qapı kimi təsvir olunur. Rəvayətlərə görə, yeraltı aləmin fövqəltəbii varlıqları buradan insanların yaşadığı dünyaya keçə bilirmiş.
Təxminən 7 metr dərinliyə və 37 metr uzunluğa malik mağara IX əsrə aid kelt rahiblərinin yazılı mənbələrində də xatırlanır. O, həmçinin İrlandiya mifologiyasında müharibə və tale ilə əlaqələndirilən Morrigan ilahəsi ilə bağlanır.
Mağara oktyabrın 31-də qeyd olunan qədim Samayn bayramı ilə də əlaqələndirilir. Bu bayram qışın başlanğıcını simvolizə edir və inanclara görə, həmin vaxt canlılar dünyası ilə o biri aləm arasındakı sərhəd zəifləyirdi. Hellouin ənənələrinin köklərindən birinin də Samayn mərasimlərinə gedib çıxdığı bildirilir.
Hazırda yüksək karbon qazı konsentrasiyası səbəbindən mağaranın daxilinə giriş qadağandır. Ziyarətçilər yalnız onun giriş hissəsini kənardan görə bilirlər. Yeraltı boşluğa aparan daş dəhlizin girişinin isə IV–VIII əsrlərə aid olduğu müəyyən edilib.
Qədim əfsanələrə aparan 13 kilometrlik yol
Əvvəllər ərazidəki bir çox abidə şəxsi kənd təsərrüfatı torpaqlarında yerləşdiyindən onları ziyarət etmək çətin idi. İndi isə əsas tarixi məkanları birləşdirən 13 kilometrlik dairəvi piyada marşrutu yaradılıb.
Marşrut Oveynaqat mağarası ilə yanaşı, İrlandiya eposunda adı çəkilən digər ərazilərdən də keçir. Onlardan biri əfsanəyə görə iki məşhur öküzün döyüşünün baş verdiyi Ratnadarv torpaq istehkamıdır.
Marşrutun bir hissəsi fermer təsərrüfatlarından keçir. Mütəxəssislər hesab edirlər ki, qədim abidələrin bu günədək qorunub saxlanmasında yerli fermerlərin mühüm rolu olub. Arxeoloq Mayk Makkarti də ərazinin kənd təsərrüfatı fəaliyyəti sayəsində qorunduğunu vurğulayıb.
Aydın