Xəbər lenti

Yüksək IQ-ya malik insanlar daha çox tənha qalırlar - 7 səbəb
Dünya08:15 03.11.2026

Yüksək IQ-ya malik insanlar daha çox tənha qalırlar - 7 səbəb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yüksək intellektə malik insanlar ətrafdakılarla münasibət qurmaqda bəzən çətinlik çəkir və sosial çevrələri digərləri ilə müqayisədə daha məhdud olur. Psixoloqlar bunu onların düşüncə tərzi, ünsiyyət vərdişləri və insanlardan gözləntiləri ilə əlaqələndirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN Polşanın “Zwierciadlo” portalında dərc olunan araşdırmaya istinadən yazıb.

Mütəxəssislərin fikrincə, yüksək IQ-ya sahib insanların dostluq münasibətləri qurmasına mane olan yeddi əsas davranış xüsusiyyəti var.

1. Hər şeyi həddindən artıq təhlil etmək

Belə insanlar ətrafdakıların davranış və reaksiyalarının arxasında dayanan səbəbləri dərindən araşdırmağa meyilli olurlar. Lakin bəzən bu təhlillər tələsik nəticələrə gətirib çıxarır. Nəticədə onlar başqalarına qarşı ehtiyatlı davranır, qarşı tərəf isə bu münasibəti hiss edərək məsafə saxlamağa üstünlük verir.

2. Müstəqil düşüncə və davranış

Yüksək intellektli insanlar çox vaxt əksəriyyətin fikirlərini və davranış modellərini təkrarlamağa meyilli olmurlar. Onlar öz mövqelərini qoruyur, ümumi qəbul edilmiş qaydalara fərqli yanaşa bilirlər. Bu xüsusiyyət bəzən ətrafdakılar tərəfindən qəribəlik və ya uyğunlaşmamaq kimi qiymətləndirilir.

3. Səthi söhbətlərə maraq göstərməmək

Geniş sosial çevrə qurmaq üçün gündəlik və bəzən səthi mövzularda da ünsiyyət saxlamaq vacibdir. Lakin intellektual insanlar daha çox dərin, məzmunlu və səmimi söhbətlərə üstünlük verirlər. Bu səbəbdən adi tanışlıq söhbətləri onlara maraqsız görünə bilər. Halbuki məhz belə ünsiyyət yeni münasibətlərin başlanğıcı olur.

4. Təkliyə üstünlük vermək

2016-cı ildə psixoloqlar Satoşi Kanazava və Norman Li tərəfindən aparılan araşdırmada yüksək intellektli insanların xoşbəxtlik hissi üçün geniş sosial çevrəyə digərləri qədər ehtiyac duymadığı irəli sürülüb. Bu yanaşma “savanna nəzəriyyəsi” ilə izah olunur. Nəzəriyyəyə görə, qədim dövrlərdə sosial əlaqələr insanların sağ qalması üçün mühüm əhəmiyyət daşıyırdı. Lakin yüksək intellektli şəxslər həyat məmnuniyyəti üçün bu qədər intensiv ünsiyyətə ehtiyac duymaya bilərlər.

5. Mürəkkəb terminlərdən istifadə etmək

Yüksək IQ-ya malik insanlar fikirlərini ifadə edərkən bəzən mürəkkəb və dar sahələrə aid terminlərdən istifadə edirlər. Bu sözlər onların düşüncələrini dəqiq çatdırmasına kömək etsə də, həmsöhbətlər üçün anlaşılmaz ola bilər. Nəticədə tərəflər arasında ünsiyyət çətinləşir.

6. Söhbət zamanı fikrə dalmaq

Belə insanların zehni daim məlumatları emal edir, müxtəlif fikirlər arasında əlaqələr qurur və məsələləri təhlil edir. Buna görə də söhbət zamanı diqqətləri istəmədən başqa düşüncələrə yönələ bilər. Qarşı tərəf isə bunu maraqsızlıq və ya hörmətsizlik kimi qəbul edə bilər.

7. Ətrafdakılardan yüksək gözləntilər

İntellektual insanlar ünsiyyətdə olduqları şəxslərdə maraq, açıq fikirli olmaq və tənqidi düşünmək kimi xüsusiyyətlər axtarırlar. Bu gözləntilərin həddindən artıq yüksək olması isə onlara uyğun həmsöhbət tapmağı çətinləşdirir.

Bununla belə, psixoloqlar dost tapa bilməməyi yalnız ətrafdakı insanların intellekt səviyyəsi ilə əlaqələndirməyin yanlış olduğunu vurğulayırlar. Dostluq münasibətlərində yüksək IQ-dan daha çox empatiya, sədaqət, xeyirxahlıq və yumor hissi əhəmiyyət daşıya bilər. Yaxın münasibət qurmaq üçün insanların eyni intellektual səviyyədə olması vacib deyil.

Aydın