
Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər. Lakin tapıntının mənşəyi hələ elmi şəkildə təsdiqlənməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Araşdırma layihəsinin rəhbəri, “Noah's Ark Scans” təşkilatının təsisçisi Endryu Cons aşkarlanan taxta materialların Nuhun gəmisinin kömürləşmiş qalıqları ola biləcəyini bildirib.
Tədqiqatın aparıldığı Durupınar formasiyası təxminən 164 metr uzunluğundadır və zahiri görünüşünə görə gəmini xatırladır. Bu geoloji quruluş 1959-cu ildə aşkar edilib. Həmin vaxtdan etibarən Ağrı dağı yaxınlığında yerləşməsi və qeyri-adi forması səbəbindən Nuhun gəmisini axtaran tədqiqatçıların diqqətini cəlb edir.
Bibliya rəvayətinə görə, təxminən 4300 il əvvəl Nuh ailəsi və heyvanlarla birlikdə böyük daşqından xilas olmaq üçün gəmidən istifadə edib.
Taxta qalıqların yanmasının səbəbi araşdırılır
Endryu Consun sözlərinə görə, aşkarlanan materialların hansı şəraitdə kömürləşdiyi hələ müəyyən edilməyib. Tədqiqatçılar bunun qəsdən törədilmiş yanğın, ildırım düşməsi və ya vulkan püskürməsi nəticəsində baş verə biləcəyini istisna etmirlər.
Cons hətta taxta qalıqların yüz illər əvvəl gəmidə sığınacaq tapmış bir çobanın qaladığı ocaqdan sonra qorunub saxlanmış ola biləcəyini də ehtimal edib. Onun fikrincə, yanğın ağacın torpaqda parçalanma prosesini ləngidərək qalıqların daha uzun müddət qorunmasına şərait yarada bilər.
Tədqiqatçılar Bibliyada Nuhun gəmini su keçirməməsi üçün qatranla örtməsi barədə məlumatı da xatırladırlar. Qatranın həm qoruyucu xüsusiyyətlərə malik olduğu, həm də asanlıqla alışa bildiyi bildirilir.
Georadar yerin altında tunellər aşkar edib?
Araşdırma qrupu daha əvvəl georadar vasitəsilə ərazinin yeraltı xəritəsini hazırladığını açıqlayıb. Onların iddiasına görə, skanlama zamanı kameraları və tunelləri xatırladan strukturlar müəyyən edilib. Bu keçidlərin mərkəzdə yerləşən geniş boşluğa birləşdiyi bildirilir.
Layihə rəhbəri həmin sahəni “Atrium” adlandırıb və burada Nuhun ailəsinin, eləcə də heyvanların yerləşmiş ola biləcəyini irəli sürüb. Lakin bu strukturların həqiqətən süni tikililər, yoxsa təbii geoloji formalar olması hələ təsdiqlənməyib.
Tədqiqatçılar öz versiyalarını torpaq analizlərinin nəticələri ilə də əsaslandırmağa çalışırlar. Onların məlumatına görə, formasiyanın daxilindən götürülən nümunələrdə üzvi maddələrin miqdarı kənar ərazilərlə müqayisədə üç dəfə, kaliumun miqdarı isə 38 faiz çox olub.
Komanda ötən payız ərazidə qazma və skanlama işləri aparıb. Endryu Cons formasiyanın altında təbii ana süxurun aşkar edilmədiyini iddia edib. Əvəzində üzvi maddələrlə zəngin qara torpaq təbəqəsi müəyyən olunub.
Tədqiqatçılar qarşıdakı mərhələdə həmin torpaqda parçalanmış ağac qalıqlarının və gəminin mövcudluğuna işarə edə biləcək digər materialların olub-olmadığını yoxlamağı planlaşdırırlar.
Bununla belə, aşkarlanan taxta parçaları, georadar görüntüləri və torpaq analizləri Nuhun gəmisinin tapıldığını sübut etmir. Tapıntıların mənşəyinin müəyyənləşdirilməsi üçün əlavə araşdırmalara və müstəqil elmi yoxlamalara ehtiyac var.
Aydın