Xəbər lenti

Keçmiş həyat yoldaşını məhkəməyə verdi: "KinderVilla" bağçası ətrafında qalmaqal
Ölkə11:47 03.11.2026

Keçmiş həyat yoldaşını məhkəməyə verdi: "KinderVilla" bağçası ətrafında qalmaqal

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda "KinderVille" körpələr evi-uşaq bağçasının təsisçisi ilə keçmiş həyat yoldaşı arasında mübahisə yaranıb.

Qaynarinfo-nun məlumatına görə, İskəndər adlı şəxs keçmiş həyat yoldaşı Lətifə Bağırovanın eyni ünvanda oxşar adda şirkət yaradaraq ona məxsus lisenziyadan istifadə etdiyini iddia edir.

Ərizəçinin bildirdiyinə görə, o, "KinderVille körpələr evi-uşaq bağçası” MMC-nin təsisçisi, Lətifə Bağırova isə şirkətin qanuni təmsilçisi olub. Lakin keçmiş həyat yoldaşı 2022-ci ildə "KinderVilla" MMC adlı yeni hüquqi şəxs yaradaraq fəaliyyətini bu şirkətin adından davam etdirib.

İskəndər iddia edir ki, yeni şirkətin hüquqi ünvanı da əvvəlki şirkətlə eynidir. Onun sözlərinə görə, Lətifə Bağırova "KinderVille" MMC-yə məktəbəqədər təhsil fəaliyyəti üçün verilmiş lisenziyadan istifadə edərək faktiki olaraq başqa şirkətin adından fəaliyyət göstərir.

Tərəflər arasında 2021-ci ildə mediasiya qaydasında barışıq sazişi də imzalanıb. Həmin sazişə əsasən, İskəndər şirkətin təsisçisi olaraq qalmalı, Lətifə Bağırova isə qanuni təmsilçi kimi fəaliyyətini davam etdirməli idi. Ərizəçi keçmiş həyat yoldaşının sonradan başqa şirkət yaratmasını saziş üzrə öhdəliklərin pozulması kimi qiymətləndirib.

Mübahisə bununla da bitməyib. Lətifə Bağırova İqtisadiyyat Nazirliyinə müraciət edərək "KinderVille" MMC-yə 2018-ci ildə verilmiş lisenziyanın ləğvini istəyib. O, müraciətini icarə müqaviləsinin ləğv olunması ilə əsaslandırıb.

İskəndər lisenziyanın ləğvi ilə bağlı inzibati icraatın dayandırılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, həmçinin keçmiş həyat yoldaşına qarşı qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində dəymiş ziyanın ödənilməsi və yeni icarə müqaviləsinin etibarsız sayılması barədə iddialar qaldırmaq niyyətində olduğunu bildirib.

Lakin Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Musayevanın qərarı ilə ərizənin icraata qəbulundan imtina edilib.

Məhkəmə hesab edib ki, mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyinə görə ona mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Ərizəçiyə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunub.

Beləliklə, məhkəmə lisenziyanın ləğvi məsələsinə mahiyyəti üzrə baxmayıb, yalnız müvəqqəti təminat tədbiri barədə ərizəni icraata qəbul etməyib.

Qeyd edək ki, həm "KinderVille körpələr evi-uşaq bağçası" MMC-nin, həm də sonradan yaradılmış “KinderVilla” MMC-nin qanuni təmsilçisi Bağırova Lətifə Firdos qızıdır. Hər iki şirkət Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 13, mənzil 8 ünvanında qeydiyyatdadır.

Aydın