
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinin nüvə münaqişəsinə sürüklənməsinin qarşısını aldığına görə Nobel Sülh Mükafatına layiq olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, Lukaşenko bu fikirləri IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı səsləndirib.
Belarus liderinin sözlərinə görə, Tramp Avropanı Üçüncü Dünya müharibəsindən çəkindirməyə çalışır. O, belə bir müharibənin nüvə qarşıdurması ilə nəticələnə biləcəyini vurğulayıb.
“Tramp, ən azı, Avropa ölkələrinin nüvə münaqişəsinə yol açmasına imkan vermədiyinə görə Nobel Sülh Mükafatına layiqdir. O, həqiqətən də Avropanı nüvə münaqişəsi ilə nəticələnə biləcək Üçüncü Dünya müharibəsindən çəkindirir”, – deyə Lukaşenko bildirib.
O, Rusiya-Ukrayna müharibəsinin dayandırılmamasının qlobal qarşıdurmaya səbəb ola biləcəyini də qeyd edib. Lukaşenkonun fikrincə, Trampın hansı səbəbdən hərəkət etməsindən asılı olmayaraq, eskalasiyanın qarşısını almaq istiqamətində gördüyü işlər mühüm əhəmiyyət daşıyır.
Belarus Prezidenti Ukraynadakı münaqişənin yaxın aylarda başa çata biləcəyini də ehtimal edib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukraynanın texniki qruplarının münaqişənin nizamlanması ilə bağlı növbəti danışıqlarının noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır.
Aydın