Xəbər lenti

Azərbaycanda dəfn və doğum müavinətləri artırılır - Yeni məbləğlər
Ölkə11:30 04.11.2026

Azərbaycanda dəfn və doğum müavinətləri artırılır - Yeni məbləğlər

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2027-ci ildə Azərbaycanda dəfn, doğum və uşağa qulluğa görə ödənilən müavinətlərin artırılması nəzərdə tutulur. Bu dəyişikliklər gələn ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Qaynarinfo xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilən iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, pensiyaçılar üçün dəfn pulunun orta məbləği 946 manatdan 1200 manata qaldırılacaq.

Sığortaolunan şəxslər üçün dəfn müavinətinin orta məbləğinin isə 590 manatdan 700 manata çatdırılması proqnozlaşdırılır.

Bundan başqa, uşağın anadan olmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata yüksəldilməsi təklif olunur. Beləliklə, bu ödəniş 900 manat artırılacaq.

Layihədə 3 yaşınadək uşağa qulluğa görə işləyən analara verilən aylıq müavinətin də artırılması nəzərdə tutulub. Hazırda 37 manat 58 qəpik olan bu ödənişin 100 manata çatdırılması planlaşdırılır.

Qeyd edək ki, sadalanan məbləğlər 2027-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan göstəricilərdir.