
Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub.
Qaynarinfo xəbər verir ki, bu barədə “Travel + Leisure” nəşri “BookRetreats” şirkətinin hazırladığı “Unspoiled Index” araşdırmasına istinadən məlumat yayıb.
Araşdırma çərçivəsində dünyanın müxtəlif bölgələrində yerləşən 100 ada təhlil edilib. Qiymətləndirmə zamanı peyk görüntüləri və xəritə məlumatlarından istifadə olunub. Adaların təbiətinin qorunma səviyyəsi, yol şəbəkəsinin sıxlığı, hava nəqliyyatının intensivliyi, tənhalıq imkanları, gecə səmasının qaranlıq qalması və sahilboyu sakit ərazilərin sayı əsas meyarlar kimi götürülüb.
Reytinqdə hər bir göstəriciyə fərqli çəki verilib və yekun nəticə 100 ballıq şkala ilə hesablanıb.
Birinci yerdə Yeni Zelandiya adası qərarlaşıb

Stüart adası 100 mümkün baldan 94,6 bal toplayaraq dünyanın ən sakit adası elan edilib. Maori dilində Rakiura adlandırılan bu ərazinin adı təxminən “parlaq səma” mənasını verir.
Ada təbiətin qorunması göstəricisinə görə 99 bal alıb. Burada təxminən 500 nəfər yaşayır, ərazinin 85 faizini isə Rakiura Milli Parkı əhatə edir. Ada nadir quş növləri, o cümlədən nəsli kəsilmək təhlükəsi ilə üzləşən Stüart kivi quşunun yaşayış məkanıdır.
Rakiura həm də dünyanın ən cənubda yerləşən beynəlxalq qaranlıq səma qoruğu statusuna malikdir. İşıq çirklənməsinin az olması burada ulduzları və cənub qütb parıltısını müşahidə etməyə imkan yaradır.
İkinci və üçüncü yerlərdə hansı adalar var?

Siyahının ikinci pilləsində Yunanıstana məxsus Anafi adası qərarlaşıb. Santorini adasının şərqində yerləşən bu ərazinin sahəsi təxminən 40 kvadratkilometrdir və əhalisi 300 nəfərdən azdır. Adada kommersiya hava limanı yoxdur, buraya əsasən bərə vasitəsilə getmək mümkündür. Ağ evləri və təmiz suları olan çimərlikləri Anafini sakit istirahət üçün cəlbedici məkana çevirir.
Üçüncü yeri isə Braziliyanın İlya-Qrandi adası tutub. Ərazisinin təxminən 90 faizi Atlantik tropik meşələri ilə örtülən adada çoxsaylı nadir heyvan və bitki növləri yaşayır. Burada hava limanı və asfalt yollar yoxdur, şəxsi avtomobillərin hərəkəti də qadağandır.

Reytinqdə ABŞ-dan yalnız Kaliforniyada yerləşən Santa-Katalina adası yer alıb. Onuncu pillədə qərarlaşan adanın ərazisinin 88 faizi təbiəti mühafizə təşkilatının nəzarətindədir. Burada təxminən 4 min nəfər daimi yaşayır.
Dünyanın ən sakit 10 adası
“BookRetreats” reytinqinə əsasən, siyahıya daxil olan adalar bunlardır:
1. Stüart (Rakiura) – Yeni Zelandiya
2. Anafi – Yunanıstan
3. İlya-Qrandi – Braziliya
4. Lord-Hau – Avstraliya
5. Sent-Martins – İngiltərə
6. Tioman – Malayziya
7. Ko-Çanq – Tailand
8. Ko-Ronq – Kamboca
9. Havelok – Hindistan
10. Santa-Katalina – ABŞ
Araşdırmada qeyd olunur ki, sakit istirahət məkanlarına maraq da sürətlə artır. Belə ki, son bir ildə Google-da sakit tətil yerləri ilə bağlı axtarışların sayı 1268 faiz yüksəlib.
Aydın