
Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər istehsalat müəssisələrinin ekoloji məsuliyyətini artırmağı hədəfləyir. Yeni qaydalara əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyətlə məşğul olan müəssisələr istehsalat monitorinqi aparmalı, nəticələr barədə isə hər il müvafiq dövlət qurumuna hesabat təqdim etməlidirlər.
Bəs müəssisələrin öz fəaliyyətlərinə nəzarət etməsi ekoloji çirklənmənin qarşısını almaq üçün kifayət edəcəkmi? Monitorinq nəticələrinin obyektivliyi necə təmin olunmalıdır?
Qaynarinfo-ya açıqlamasında ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, istehsalat monitorinqinin tətbiqi sənaye müəssisələrinin ətraf mühitə təsirlərinin müntəzəm izlənilməsi baxımından müsbət addımdır.
Ekspertin sözlərinə görə, xüsusilə neft-qaz, kimya və metallurgiya kimi sahələrdə atmosferə atılan tullantıların, çirkab sularının və torpağın çirklənməsinin davamlı izlənilməsi ekoloji riskləri vaxtında müəyyən etməyə imkan verə bilər:
"Milli Məclisin ətraf mühitin istehsalat monitorinqi ilə bağlı qəbul etdiyi dəyişiklikləri müsbət qiymətləndirirəm. Çünki Azərbaycanda sənaye müəssisələrinin ətraf mühitə təsirlərinin müntəzəm izlənilməsi çirklənmənin qarşısının alınması üçün vacibdir. Xüsusilə neft-qaz, kimya, metallurgiya və digər sənaye sahələrində atmosferə atılan tullantıların, çirkab sularının və torpağın çirklənməsinin davamlı monitorinqi ekoloji riskləri vaxtında aşkar etməyə imkan verə bilər.
Lakin nəzərə almaq lazımdır ki, monitorinqin aparılması hələ çirklənmənin qarşısının alınması demək deyil. Bunun üçün ölçmələrin nəticələri konkret tədbirlərlə, texnoloji təkmilləşdirmələrlə və ekoloji tələblərə əməl olunmasına nəzarətlə müşayiət edilməlidir".

Rövşən Abbasov hesab edir ki, yeni mexanizmin effektivliyi üçün ən vacib məsələlərdən biri monitorinq nəticələrinin obyektivliyinin təmin edilməsidir. Çünki müəssisələrin öz ekoloji fəaliyyətlərini qiymətləndirməsi maraqlar toqquşması riski yarada bilər:
"Fikrimcə, ən ciddi məsələ monitorinq nəticələrinin obyektivliyinin təmin edilməsidir. Müəssisənin öz ekoloji fəaliyyətini qiymətləndirməsi maraqlar toqquşması riski yaradır. Buna görə də monitorinqin vahid dövlət standartları əsasında aparılması, nümunələrin akkreditə olunmuş müstəqil laboratoriyalarda təhlil edilməsi və nəticələrin dövlət qurumları tərəfindən seçmə qaydada yoxlanılması vacibdir.
Yüksək çirklənmə riski olan müəssisələrdə avtomatlaşdırılmış, fasiləsiz monitorinq sistemlərinin tətbiqi də nəzərdə tutulmalıdır. Eyni zamanda, əsas ekoloji göstəricilər ictimaiyyətə açıq olmalıdır".
Ekspertin qənaətinə görə, müəssisələrin özünənəzarəti dövlət nəzarətini əvəz etməməli, əksinə, onu tamamlamalıdır. Yalnız bu halda yeni qaydalar formal hesabatlılıqdan çıxaraq real ekoloji mühafizə vasitəsinə çevrilə bilər.
Günay İlqarqızı