
İspaniya futbolunda ağır itki yaşanıb. “Tenerife” klubunun 30 yaşlı hücumçusu Jesus de Miguel Alameda komandasının “Andorra” ilə oyununda aldığı ağır zədədən sonra xəstəxanada vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.
Faciə bazar ertəsi “Heliodoro Rodríguez López” stadionunda keçirilən İspaniya ikinci liqasının “Tenerife” – “Andorra” matçının son dəqiqələrində baş verib. Qarşılaşmanın 108-ci dəqiqəsində, hesab 2:2 olarkən, De Miguel əks-hücuma başlamaq üçün orta sahədən irəliləyib. Bu zaman topu uzaqlaşdırmaq istəyən rəqib komandanın qapıçısı Jesus Ovono ilə toqquşub. Qapıçının dizindən aldığı zərbədən sonra futbolçu yerə yıxılaraq huşunu itirib.
Həkimlər dərhal meydana daxil olaraq futbolçuya ilkin tibbi yardım göstəriblər. Onun ürəyi və nəfəs alması dayanıb. De Miguel ambulansla Nuestra Señora de Candelaria Universitet Xəstəxanasına aparılarkən reanimasiya tədbirləri davam etdirilib. Həkimlərin müdaxiləsi nəticəsində ürək döyüntülərini bərpa etmək mümkün olsa da, futbolçunun vəziyyəti kritik olaraq qalıb.
“Tenerife” əvvəlcə oyunçunun reanimasiyada müalicə aldığını və vəziyyətinin ağır olduğunu açıqlayıb. Lakin sonradan onun nevroloji vəziyyətinin pisləşdiyi bildirilib. Noyabrın 3-də səhər saat 08:00-da isə klub 30 yaşlı futbolçunun vəfat etdiyini rəsmən təsdiqləyib.
Klub yaydığı açıqlamada dərin hüzn içində olduqlarını bildirərək futbolçunun ailəsinə, yaxınlarına və azarkeşlərə başsağlığı verib. “Andorra” da De Miguelin ölümü ilə bağlı kədərini ifadə edib və “Tenerife” ailəsinə dəstəyini çatdırıb. İspaniya La Liqasının prezidenti Xavyer Tebas da futbolçunun vəfatını böyük itki adlandıraraq yaxınlarına başsağlığı verib.
Faciə ilə əlaqədar İspaniya Kral Futbol Federasiyası noyabrın 3-nə planlaşdırılan Kral Kuboku və Kraliça Kuboku oyunlarını təxirə salıb. Həmçinin İspaniyanın U-21 yığması ilə Yaponiya millisi arasında keçiriləcək yoldaşlıq görüşünün təqdimat mərasimi ləğv olunub. Təxirə salınan oyunların yeni tarixləri hələ açıqlanmayıb.
Jesus de Miguelin ailəsi göstərilən dəstəyə və başsağlığı mesajlarına görə təşəkkür edib, bu ağır günlərdə şəxsi həyatlarına hörmətlə yanaşılmasını xahiş edib.
Aydın