
Ukraynada müharibənin dayandırılması üçün əsas təsir imkanlarından biri Çinin əlindədir. Harvard Universitetinin iqtisadçısı Oleq İtsxokinin fikrincə, Pekin Rusiyaya iqtisadi dəstək verməklə Moskvanın müharibəni davam etdirməsinə şərait yaradır və istəsə, bu prosesə ciddi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, iqtisadçı bu barədə Çexiyanın “iROZHLAS” nəşrinə müsahibəsində danışıb.
İtsxokinin sözlərinə görə, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra ölkənin dalana dirəndiyi aydın idi. Onun fikrincə, 2022-ci ildə genişmiqyaslı işğal başlayandan dərhal sonra Avropa İttifaqı sərt iqtisadi sanksiyalar tətbiq etsəydi, müharibənin qarşısını almaq mümkün ola bilərdi.
İqtisadçı hesab edir ki, müharibə Ukraynanı dağıtsa da, ölkənin müharibədən sonrakı gələcəyi nisbətən ümidvericidir. Rusiya isə Vladimir Putinin qərarları nəticəsində uzunmüddətli iqtisadi və siyasi itkilərlə üzləşib.
Rusiyanın iqtisadiyyatı hərbiləşdirilir
İtsxokinin qiymətləndirməsinə görə, Rusiyada hazırda iqtisadiyyatın iki fərqli istiqaməti formalaşıb: hərbi sektor və mülki iqtisadiyyat. Hərbi istehsal əvvəlki dövrlə müqayisədə artım tempini itirərək durğunlaşsa da, mülki sektor geriləyir.
Bütün bunlar yüksək inflyasiya və bahalı kreditlər fonunda baş verir. Bu vəziyyət özəl investisiyaları çətinləşdirir. Eyni zamanda dövlət büdcəsindən orduya böyük vəsait ayrılması iqtisadiyyatın getdikcə daha çox hərbiləşməsinə səbəb olur.
İqtisadçı Avropa ölkələrinin xüsusilə Rusiyanın pilotsuz uçuş aparatları istehsalına diqqət yetirməli olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya və Ukrayna hər gün minlərlə dron istehsal etmək imkanına malik olan azsaylı ölkələr sırasındadır.
İtsxoki xəbərdarlıq edib ki, hətta müharibə dayandırılsa belə, Rusiya silah və dron istehsalını davam etdirəcək. Bu isə Avropa üçün uzunmüddətli təhlükəsizlik problemi yarada bilər.
Çin Rusiyanın iqtisadi dayağına çevrilib
Harvard iqtisadçısı hesab edir ki, Çin müharibənin ilk mərhələsində Rusiyanın iqtisadi vəziyyətinin necə dəyişəcəyini gözləyib. Moskvanın çökmədiyini gördükdən sonra isə ona iqtisadi dəstək göstərməyə başlayıb.
Onun fikrincə, bu dəstək Pekinin maraqlarına uyğun olub və nəticədə Rusiya həm ixrac, həm də idxal baxımından Çindən ciddi şəkildə asılı vəziyyətə düşüb.
“Ən qısa zamanda müharibənin başa çatmasının açarı əlində olan ölkə Çindir”, – deyə iqtisadçı vurğulayıb.
İtsxokinin sözlərinə görə, həm Rusiya, həm də Ukraynanın pilotsuz uçuş aparatları Çin texnologiyalarına əsaslanır. Bu baxımdan Pekin Ukraynanın silah istehsalına təsir göstərə biləcək imkanlara da malikdir. Lakin Çin bu imkanlardan istifadə etməməyi seçib.
İqtisadçı ABŞ-ın müharibənin həllində həlledici təsir imkanlarına malik olmadığını da bildirib. Onun fikrincə, hazırda Ukraynaya maliyyə dəstəyini əsasən Avropa təmin edir, Rusiya iqtisadiyyatının ayaqda qalmasına isə Çin kömək edir.
Sanksiyalar gecikdi, Rusiya uyğunlaşmağa vaxt qazandı
İtsxoki hesab edir ki, Avropa İttifaqının Rusiyaya qarşı sərt sanksiyaları gecikdirməsi Moskvanın vəziyyətə uyğunlaşmasına imkan verib.
Onun fikrincə, 2022-ci ildə genişmiqyaslı işğaldan dərhal sonra tətbiq ediləcək daha sərt məhdudiyyətlər Rusiyanı dərin maliyyə böhranına sala və Kremlə müharibəni dayandırmaq üçün təzyiq göstərə bilərdi.
Lakin sanksiyaların mərhələli şəkildə tətbiqi Rusiyaya iqtisadi əlaqələrini yenidən qurmaq və hərbi istehsalı genişləndirmək üçün vaxt qazandırıb.
Qeyd edək ki, Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin müharibənin dayandırılması ilə bağlı növbəti üçtərəfli görüşünün noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi gözlənilir. “Reuters”in məlumatına görə, danışıqlarda müharibənin dayandırılması, Ukraynanın müharibədən sonrakı təhlükəsizlik təminatları və gərginliyin azaldılması məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Aydın