Xəbər lenti

Qidalanmada ən böyük səhv: Çörəyi, yağı və kartofu rasiondan çıxarmaq doğrudurmu?
Sağlamlıq15:02 03.11.2026

Qidalanmada ən böyük səhv: Çörəyi, yağı və kartofu rasiondan çıxarmaq doğrudurmu?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sağlam qidalanmaq istəyən insanların bir çoxu ilk növbədə çörək, kartof və yağdan imtina edir. Bəziləri şəkər əvəzinə bal və bəhməzə üstünlük verir, digərləri isə faydalı hesab etdikləri qoz-fındıq, quru meyvə və zeytun yağını istədikləri qədər qəbul edə biləcəklərini düşünürlər. Halbuki sağlam qidalanmaq müəyyən məhsulları qadağan etmək deyil, düzgün və balanslı rasion qurmaqdır.

Bəs gündəlik qidalanmada ən çox hansı səhvlərə yol veririk? Hansı məhsulları əsassız olaraq zərərli hesab edib rasionumuzdan çıxarırıq və sağlam bildiyimiz hansı qidaların həddindən artıq qəbulu orqanizmə zərər verə bilər?

Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, insanların qidalanmada yol verdiyi əsas səhvlərdən biri balanslı qidalanmaq əvəzinə ayrı-ayrı məhsulları günahlandırmasıdır.

Ekspertin sözlərinə görə, insanlar bəzən hər hansı qidanı rasiondan tamamilə çıxarmaqla arıqlayacaqlarını və ya sağlamlıqlarını yaxşılaşdıracaqlarını düşünürlər:

"İnsanların əksəriyyətinin qidalanmada etdiyi səhvlərdən biri balanslı, müxtəlif çeşidli qidalanmaq əvəzinə ayrı-ayrı məhsulları günahlandırmasıdır. Bəziləri düşünür ki, hər hansı bir qidanı tamamilə rasionundan çıxarsa, bu, onun arıqlamasına və ya özünü daha rahat hiss etməsinə kömək edəcək. Halbuki çox vaxt bunu əsassız şəkildə edirlər və həmin qidanın orqanizmlərinə həqiqətən zərər verib-vermədiyini bilmirlər.

İnsanlar düşünürlər ki, karbohidrat qəbul etməsələr, daha sağlam olacaqlar. Yalnız zülal və ya liflə zəngin məhsullarla qidalanmağın çəkilərinə və sağlamlıqlarına daha yaxşı təsir edəcəyini hesab edirlər. Halbuki sağlam qidalanmada qadağalarla orqanizmi stressə salmaq düzgün deyil. Əsas məsələ sağlam məhsullardan istifadə etməklə müxtəlif, balanslı və miqdarı tənzimlənmiş qidalanmaqdır".

Məhsəti Hüseynova qeyd edib ki, uzun müddət qeyri-sağlam və balanssız qidalanmaq da ciddi problemlərə səbəb ola bilər. Bu, orqanizmdə vitamin və mineral çatışmazlığına, ürək-damar xəstəliklərinə və maddələr mübadiləsinin pozulmasına gətirib çıxara bilər:

"Ən çox rast gəlinən səhvlərdən biri uzun müddət qeyri-sağlam və balanssız qidalanmaqdır. Çünki davamlı olaraq bu cür qidalanmaq orqanizmdə ciddi vitamin və mineral çatışmazlığına gətirib çıxarır. Nəticədə müxtəlif daxili orqanların xəstəlikləri, ürək-damar problemləri və maddələr mübadiləsinin pozulması kimi hallar ortaya çıxır".

Ekspert çörək, kartof və digər karbohidratlı məhsulların zərərli hesab edilərək rasiondan çıxarılmasını da yanlış yanaşma adlandırıb. Onun sözlərinə görə, karbohidratlar orqanizmin əsas enerji mənbəyidir və gündəlik qidalanmada mühüm yer tutur:

"Karbohidratlar orqanizmin əsas enerji mənbəyidir. Gündəlik qəbul etdiyimiz qidanın təxminən 45-70 faizini karbohidratlar təşkil etməlidir. Bu, insanın yaşına, çəkisinə və fiziki aktivliyinə görə dəyişə bilər. Karbohidrat qəbul edərkən daha çox tam taxıllı çörəyə, paxlalılara, qarabaşaq və digər qidalara üstünlük vermək olar. Meyvə və tərəvəzlərin tərkibində də karbohidratlar var.

Kartof da faydalı qidalar sırasındadır. Sadəcə onun hazırlanma üsulu və hansı miqdarda qəbul edilməsi önəmlidir. Qaynadılmış, sobada və ya buxarda bişirilmiş kartofla uzun müddət qızdırılan yağda qızardılmış kartofun qida dəyəri və sağlamlığa təsiri eyni deyil.

Yağları rasiondan tamamilə çıxarmaq da yanlış addımlardan biridir. Çünki yağlar A, D, E və K vitaminlərinin orqanizmə çatmasında, hüceyrələrin fəaliyyətində və hormonların sintezində mühüm rol oynayır. Sadəcə doymuş yağları azaltmaq, həddindən artıq qızardılmış və ağır kalorili qidalardan uzaq durmaq lazımdır. Onların əvəzinə zeytun yağı, qoz-fındıq, toxumlar və balığın tərkibindəki doymamış yağlara üstünlük vermək daha məqsədəuyğundur".

Mütəxəssis sağlam hesab edilən qidaların da həddindən artıq qəbulunun zərərli ola biləcəyini vurğulayıb. Xüsusilə bal, bəhməz, quru meyvələr, qoz-fındıq və zeytun yağının istehlakında miqdarın nəzərə alınmasının vacibliyini bildirib:

"Bəzən insanlar düşünürlər ki, hər hansı qida sağlamdırsa, onu istədikləri qədər qəbul edə bilərlər. Halbuki burada da miqdar önəmlidir. Heç bir qida təkbaşına möcüzə yaratmır. Hər bir qidanı düzgün miqdarda qəbul etmək lazımdır.

Məsələn, bəzi insanlar şəkər əvəzinə davamlı olaraq bal və bəhməz istifadə edə biləcəklərini düşünürlər. Halbuki onların da tərkibində şəkər var və həddindən artıq qəbul edildikdə orqanizmin şəkər yükü arta bilər. Quru meyvələr lif və minerallarla zəngin olsa da, tərkibində şəkərin miqdarı daha yüksəkdir. Buna görə onların da qəbulunda miqdara diqqət etmək lazımdır.

Qoz, fındıq və badam gündəlik bir ovuc miqdarında qəbul edildikdə faydalı yağ və zülal mənbəyi ola bilər. Lakin həddindən artıq istehlak edildikdə artıq kalori qəbuluna, çəki artımına və bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Zeytun yağı da faydalı məhsuldur, amma onu da limitsiz istifadə etmək olmaz".

Məhsəti Hüseynova əlavə edib ki, sağlam qidalanma insanın özünü sevdiyi məhsullardan məhrum etməsi və ya qısa müddətli pəhriz saxlaması demək deyil. Əsas məqsəd balanslı qidalanmanı gündəlik həyat tərzinə çevirməkdir:

"Sağlam qidalanmaq ac qalmaq, özümüzü sevdiyimiz qidalardan məhrum etmək və ya hər hansı məhsulu tamamilə rasionumuzdan çıxarmaq demək deyil. Əsas məsələ müxtəlifliyi və balansı qorumaq, keyfiyyətli məhsullardan istifadə etmək, porsiyalara nəzarət etməkdir.

Sağlam qidalanma bir neçə gün və ya bir neçə ay müəyyən rejimdə qalaraq istədiyimiz çəkiyə çatmaq, sonra yenidən əvvəlki qidalanma qaydasına qayıtmaq deyil. Bu, ömür boyu davam etdirə biləcəyimiz düzgün həyat tərzidir".

Günay İlqarqızı