Xəbər lenti

Dünyanın ən populyar krossoverləri (SİYAHI)
Dünya16:53 03.11.2026

Dünyanın ən populyar krossoverləri (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2026-cı ilin ilk doqquz ayında dünyada ən çox satılan krossoverin adı açıqlanıb. Reytinqdə elektrik avtomobili Tesla Model Y birinci yeri tutaraq Toyota və Honda kimi nəhəng istehsalçıların modellərini geridə qoyub.

Qaynarinfo xəbər verir ki, bu barədə “Focus2Move” araşdırma şirkətinin dərc etdiyi hesabatda bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında dünyada SUV seqmentində 31 milyon 709 min 103 avtomobil satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.

Bununla belə, qlobal krossover bazarında artım tempi xeyli zəifləyib. Satışlara ən ciddi mənfi təsir Çin və ABŞ bazarlarında qeydə alınan geriləmə göstərib. Çində satışlar 13,5 faiz, ABŞ-da isə 4,9 faiz azalıb. Nəticədə Asiya bazarında ümumi göstərici 4 faiz aşağı düşüb.

Əksinə, Almaniya və Böyük Britaniyada artım müşahidə olunub. Bu ölkələrdə SUV satışları müvafiq olaraq 13,6 və 13,2 faiz yüksəlib.

Tesla Model Y liderliyini qoruyur

Reytinqin ilk pilləsində satışlarını ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz artıran Tesla Model Y qərarlaşıb. 2020-ci ildə istehsalına başlanılan elektrik krossoveri qısa müddətdə dünya avtomobil bazarının ən uğurlu modellərindən birinə çevrilib.

İkinci yerdə Toyota RAV4, üçüncü pillədə isə Honda CR-V qərarlaşıb. Lakin hər iki modelin satışlarında azalma qeydə alınıb. Xüsusilə Toyota RAV4-ün göstəricisi 22,1 faiz geriləyib. Bu, ilk onluqda ən böyük azalma hesab olunur.

Bəzi modellər isə satışlarını əhəmiyyətli dərəcədə artırıb. Tata Punch 49,5 faiz, BMW X3 22,5 faiz, Nissan Rogue isə 21,1 faiz artım nümayiş etdirib. Buna baxmayaraq, həmin avtomobillər ilk onluğa düşə bilməyib.

Dünyada ən çox satılan 10 krossover:

1. Tesla Model Y – 8,6% artım
2. Toyota RAV4 – 22,1% azalma
3. Honda CR-V – 0,9% azalma
4. Hyundai Tucson – 0,2% artım
5. Kia Sportage – 0,9% artım
6. Volkswagen Tiguan – 2% artım
7. Mazda CX-5 – 16,5% artım
8. Honda HR-V – 1,7% azalma
9. Toyota Corolla Cross – 9,4% azalma
10. Ford Explorer – 14,6% artım

Hesabatda vurğulanır ki, SUV bazarının gələcək inkişafı artıq təkcə avtomobil markalarının ümumi uğurundan deyil, ayrı-ayrı modellərin satış dinamikasından və regional bazarlardakı vəziyyətdən də asılıdır.

Aydın