Xəbər lenti

"TəhsilPlus" güzəşti şagirdləri niyə əhatə etmir? - Ekspert səbəbləri açıqladı
Ölkə19:00 03.11.2026

"TəhsilPlus" güzəşti şagirdləri niyə əhatə etmir? - Ekspert səbəbləri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil işçilərinin ictimai nəqliyyatda “TəhsilPlus” kartından istifadə etməsi valideynlər arasında narazılığa səbəb olub.

Narazılığın əsas səbəbi noyabrın 2-dən 30-dək davam edən kampaniyanın şagirdləri əhatə etməməsidir. Bəzi valideynlər müəllimlər kimi şagirdlərin də Bakı metrosu və avtobuslarında pulsuz gediş-gəliş imkanından yararlanmasını istəyirlər.

Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, xarici ölkələrdə bu cür layihələr, əsasən, iki kateqoriyanı – tələbələri və müəllimləri əhatə edir:

“Digər iki kateqoriya - şagirdlər və valideynlər üçün də müəyyən imtiyaz və güzəştlər mövcuddur, lakin bunlar fərqli kontekstdə tətbiq edilir. Nəqliyyat və digər sahələrdəki güzəştlər, əsasən, müəllimlər və tələbələr arasında paralellik təşkil edir. Məsələn, desəydiniz ki, noyabrın 2-dən 30-dək davam edən kampaniya çərçivəsində güzəşt müəllimlərə şamil olunub, amma tələbələr kənarda qalıb, bu, daha əsaslı sual olardı. Çünki tələbələrin sayı 180 minə, müəllimlərin sayı isə 150 minə yaxındır. Aradakı fərq cəmi 20-30 min nəfərdir. Üstəlik, müəllimlər üçün “TəhsilPlus”, tələbələr üçün isə “TələbəPlus” kartı mövcuddur. “TəhsilPlus” kartına tətbiq edilən güzəşti “TələbəPlus” kartına da şamil etmək olardı”.

Şagirdlərə gəlincə, ekspert bu kateqoriya üçün oxşar güzəşt mexanizminin tətbiq olunduğu təcrübə ilə qarşılaşmadığını deyib:

“Hazırda ölkəmizdə məktəbəqədər təhsil müəssisələrindən tutmuş ümumi təhsil məktəblərinin 11-ci sinfinədək təhsil alan uşaqların sayı təxminən 1,6 milyondur. Bu güzəştin hamıya şamil edilməsi üçün əvvəlcə müvafiq prosedurlar həyata keçirilməlidir. Müəllimlər üçün “TəhsilPlus”, tələbələr üçün “TələbəPlus” kartı olduğu kimi, şagirdlər üçün də xüsusi kart və ya ayrıca layihə hazırlanmalıdır. Yalnız belə bir mexanizm yaradıldıqdan və təsdiqləndikdən sonra müvafiq güzəştlərin tətbiqi mümkün ola bilər. Əks halda, bu təşəbbüs hazırkı şəraitdə real görünmür. Şəxsən mən beynəlxalq təcrübədə bütün şagirdləri əhatə edən belə bir güzəşt modelinə rast gəlməmişəm. Ola bilər ki, hansısa ölkədə belə nümunə var, sadəcə, mənim məlumatım yoxdur. Xarici ölkələrdə bəzi özəl məktəblər öz şagirdləri üçün nəqliyyat güzəştləri, hətta pulsuz gediş-gəliş imkanı yaradırlar. Lakin dövlət səviyyəsində bütün şagirdlərin bu güzəştdən yararlanması ilə bağlı konkret nümunə ilə qarşılaşmamışam. Bunun səbəblərindən biri də xarici ölkələrdə özəl təhsil sektorunun dövlət təhsil sistemi ilə paralel inkişaf etməsidir. Elə ölkələr var ki, özəl məktəblərdə təhsil alan şagirdlərin sayı dövlət məktəblərində oxuyanların sayını üstələyir”.

Elmin Nuri Azərbaycanda özəl məktəblərin sayının cəmi 33 olduğunu xatırladıb. Onun sözlərinə görə, bu məktəblərdə təhsil alanların sayı ümumi şagird kontingentinin hətta 1 faizinə çatmır:

“Bu 33 özəl məktəbdə oxuyanların sayı ümumi şagird sayının bəlkə də 1 faizini belə təşkil etmir. Həmin məktəblərdən hansısa öz şagirdləri üçün nəqliyyat güzəşti tətbiq edə bilər. Lakin bu, ümumi təhsil sistemində ciddi dəyişiklik yaratmır. Çünki həmin məktəb sahibkarlıq subyektidir və müstəqil qərar qəbul etmək imkanına malikdir. Dövlət məktəblərində təhsil alan böyük şagird kontingenti üçün isə belə bir güzəştin tətbiqi hələlik real görünmür”.

Bahar Rüstəmli