
Bakıda torpaq sahəsində tikinti aparmaq istəyən şəxs dələduzluqla üzləşib.
Qaynarinfo məhkəmə materiallarına istinadən xəbər verir ki, zərərçəkmiş şəxs 2020-ci ildə İ.Dadaşov küçəsində yerləşən 3 sot torpaq sahəsini 200 min manata alıb. Həmin ərazidə abadlıq və tikinti işlərinə başlamaq istədikdə özünü yaşıllıqların qorunması üzrə ictimai fəal kimi təqdim edən şəxs ona mane olmağa başlayıb. O, müxtəlif dövlət qurumlarına müraciət edərək ərazidəki ağacların qorunması ilə bağlı şikayətlər edib.
Bir müddət sonra tərəflər arasında münasibətlərin tənzimlənməsi üçün vasitəçilər işə qarışıb. Zərərçəkmiş şəxsə həmin şəxslə razılığa gəlməyin mümkün olduğu bildirilib. Sonuncu isə tikinti işlərinin aparılması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, rayon icra hakimiyyətindən və digər qurumlardan müvafiq icazələrin alınmasına kömək edə biləcəyini vəd edib.
İlkin olaraq bu işin qarşılığında 120 min manat tələb olunsa da, sonradan məbləğ 100 min manata, daha sonra isə 80 min manata endirilib. Zərərçəkmiş şəxs tikinti üçün icazə sənədlərinin alınacağına inanaraq həmin pulu verib.
Lakin vəd edilən icazələr əldə olunmayıb. Ərazidə aparılan işlər də müvafiq qurumların müdaxiləsindən sonra dayandırılıb. Zərərçəkmiş şəxs dəfələrlə pulun qaytarılmasını tələb etsə də, nəticə əldə edə bilməyib.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etməyib. O, pulun dələduzluq yolu ilə alınmadığını, əksinə, tikinti və layihələşdirmə işlərinə kömək etmək məqsədilə verildiyini iddia edib. Bildirib ki, aldığı vəsaiti başqa şəxslərə çatdırıb. Lakin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər sübutlar məhkəmə tərəfindən onun müdafiə mövqeyini təsdiqləməyib.
İş üzrə şahidlərdən biri təqsirləndirilən şəxsin tikinti məsələlərinin həlli üçün 120 min manat tələb etdiyini, sonradan 80 min manata razılaşdığını bildirib. Digər şahid isə layihənin hazırlanması və sənədləşmə işləri üçün 50 min manat aldığını, lakin ərazidə ağacların kəsilməsi səbəbindən işlərin davam etdirilməsinin mümkün olmadığını söyləyib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, zərərçəkmiş şəxsə dəymiş ziyanın 50 min manatı ibtidai istintaq dövründə ödənilib. Bununla belə, zərərçəkmiş tərəf sənədləşmə işləri üçün verilmiş vəsaitin 30 min manatlıq hissəsinin, eləcə də tikinti-quraşdırma işləri üçün alınmış, sonradan yararsız hala düşmüş materiallara görə 50 min manatın ödənilmədiyini bildirib. Ümumilikdə 80 min manatlıq zərərin ödənilməsi ilə bağlı mülki iddia qaldırılsa da, sonradan həmin iddia mülki icraat qaydasında ayrıca mübahisələndirilməsi üçün geri götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq – etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirmə) ilə təqsirli bilib. Ona 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Həbsdə və ev dustaqlığında keçirdiyi 3 ay 7 gün müddət cəzadan çıxıldıqdan sonra onun üzərində qəti olaraq 5 il 8 ay 23 gün həbs cəzası saxlanılıb.
Seyid