
Sərnişin təyyarələrində yanğın və partlayış riskini azaltmaq üçün yanacaq çənlərində azot qazından istifadə olunur. Bu texnologiya yanacağın kimyəvi tərkibinə müdaxilə etmədən çənin daxilində oksigenin miqdarını azaldır və alışma ehtimalını aşağı salır. Sistemin mülki aviasiyada geniş tətbiqinə isə 1996-cı ildə baş verən və 230 nəfərin həyatına son qoyan TWA 800 təyyarə qəzası təkan verib.
Qaynarinfo xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
Təyyarələrdə istifadə olunan reaktiv yanacaq mühərriklərin yanma kameralarında yandırılaraq enerji əldə edilməsini təmin edir. Lakin yanacaq çənlərində toplanan buxarlar yüksək temperatur və təzyiq şəraitində oksigenlə birləşdikdə yanğın və partlayış təhlükəsi yarada bilər. Bu riski azaltmaq üçün yanacağın üzərindəki boşluqda oksigenin səviyyəsi aşağı salınır. Azot qazı isə yanmanı dəstəkləmədiyindən çəndə daha təhlükəsiz mühitin formalaşmasına kömək edir.
Azot sistemi necə işləyir?
Aviasiyada bu proses “inertləşdirmə” adlanır. Sistemin əsas məqsədi yanacaq buxarlarının alışması üçün əlverişli şəraitin yaranmasının qarşısını almaqdır.
Bəzi təyyarələrdə əvvəlcədən toplanmış azotdan istifadə edilir. Daha müasir sistemlərdə isə uçuş zamanı ətrafdakı havadan azotla zəngin qaz əldə olunur. Bunun üçün molekulyar süzgəclər vasitəsilə havanın tərkibindəki qazlar ayrılır. Nəticədə alınan azotla zəngin hava yanacaq çəninə ötürülür və oradakı oksigenin konsentrasiyası azaldılır.
230 nəfərin ölümü təhlükəsizlik yanaşmasını dəyişdi
Yanacaq çənlərinin azotla qorunması texnologiyası ilk dəfə hərbi aviasiyada inkişaf etdirilib. 1960-cı illərdə XB-70 Valkyrie səsdən sürətli təyyarəsində maye azotdan istifadə edən sistemlər mövcud olub. 1970-ci illərin əvvəllərində isə oxşar texnologiyalar C-5 hərbi nəqliyyat təyyarələrində tətbiq edilib.
Lakin bu sistemlərin mülki aviasiyada əhəmiyyət qazanmasında 1996-cı il iyulun 17-də baş verən TWA 800 faciəsi həlledici rol oynayıb. Həmin gün Nyu-Yorkdan Parisə uçan Boeing 747 təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Atlantik okeanı üzərində partlayaraq qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədəki 230 nəfərin hamısı həlak olub.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) araşdırması nəticəsində məlum olub ki, təyyarənin mərkəzi qanad yanacaq çənində toplanan alışan buxarların alovlanması partlayışa səbəb olub.
Faciədən sonra NTSB yanacaq çənlərində partlayış riskini azaltmaq üçün inertləşdirmə sistemlərinin tətbiqini tövsiyə edib. Bu tövsiyələr ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) 2008-ci ildə yanacaq çənlərinin alışma riskinin azaldılmasına dair yeni qaydalar qəbul etməsinə də təsir göstərib.
Beləliklə, əvvəlcə hərbi təyyarələrdə istifadə edilən azot əsaslı təhlükəsizlik texnologiyası mülki aviasiyada da geniş yayılmağa başlayıb. Hazırda bu sistemlər sərnişin təyyarələrində yanğın və partlayış ehtimalını azaltmağa xidmət edən mühüm təhlükəsizlik vasitələrindən biridir.
Aydın