Xəbər lenti

Çin robotları insan kimi davranmağı öyrənir: Artıq bəzi bacarıqlara yiyələniblər
Texnologiya21:40 03.11.2026

Çin robotları insan kimi davranmağı öyrənir: Artıq bəzi bacarıqlara yiyələniblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində humanoid robotların hazırlanmasında yeni mərhələyə keçid başlayıb. Şirkətlər artıq yalnız robotların texniki imkanlarını təkmilləşdirməklə kifayətlənmir, onların insan davranışlarını müşahidə edərək öyrənməsi, müstəqil qərarlar verməsi və gündəlik işləri yerinə yetirməsi üzərində çalışırlar.

Qaynarinfo xəbər verir ki, bu istiqamətdə əsas diqqət fiziki maşınlara inteqrasiya olunan süni intellekt texnologiyasına – embodied AI sistemlərinə yönəlib.

Adi çat-botlardan fərqli olaraq, bu texnologiya ilə işləyən robotlar ətraf mühiti, əşyaların fiziki xüsusiyyətlərini, hərəkətləri və öz davranışlarının nəticələrini anlamağı öyrənirlər. Məqsəd onların əvvəlcədən proqramlaşdırılmış əmrləri yerinə yetirməsi deyil, yeni vəziyyətlərə uyğunlaşaraq müstəqil hərəkət edə bilməsidir.

Bu sahəyə yatırılan vəsaitlərin həcmi də sürətlə artır. ITjuzi araşdırma şirkətinin məlumatına görə, 2026-cı ilin ilk yarısında Çində robot proqram təminatı hazırlayan şirkətlər 322 investisiya sazişi çərçivəsində 93,5 milyard yuan (təxminən 13 milyard dollar) cəlb ediblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə beş dəfə çoxdur.

Bazarda rəqabətin güclənməsi və robot avadanlıqlarının ucuzlaşması şirkətləri əsas diqqəti süni intellekt proqramlarına yönəltməyə vadar edir. X Square, Galaxea və Spirit AI kimi Çin startaplarının hər birinin bazar dəyərinin təxminən 3 milyard dollara çatdığı bildirilir.

Robotlar insanları müşahidə edərək öyrənir

Yeni texnologiyanın əsas xüsusiyyətlərindən biri robotların insan hərəkətlərini müşahidə etməklə yeni bacarıqlara yiyələnməsidir. Məsələn, X Square şirkəti bir insanın əşya ilə necə davrandığını əks etdirən videonu izləməklə robotun həmin hərəkəti öyrənməsinə imkan verən sistem təqdim edib. Bunun üçün hər yeni tapşırıq üzrə ayrıca təlim keçməyə ehtiyac qalmır.

Bu məqsədlə şirkətlər real həyatda müxtəlif məlumatlar toplayırlar. Spirit AI gündəlik və sənaye əməliyyatlarını lentə almaq üçün min nəfəri işə cəlb edib. ACE Robotics isə mağaza və hotellərin əməkdaşlarının hərəkətlərini, eləcə də əşyaları hansı qüvvə ilə tutduqlarını qeydə alan xüsusi sensorlardan istifadə edir.

Ant Group-un robototexnika bölməsi Robbyant isə süni intellekt modelini 160 min saatlıq material əsasında öyrədib. Bu məlumatların 50 min saatı insanların idarə etdiyi robotların hərəkətlərindən ibarətdir. Sistem 17 istehsalçının hazırladığı 20 fərqli robot modelində sınaqdan keçirilib.

Bəzi şirkətlər isə virtual simulyasiyalara üstünlük verirlər. DexForce texnologiyası vasitəsilə humanoid robotları müəyyən sənaye əməliyyatlarına 6-8 saat ərzində hazırlamaq və 99,9 faizdən yüksək dəqiqliyə nail olmaq mümkün olub. Bununla belə, mütəxəssislər virtual mühitlərin real dünyadakı bütün fiziki qarşılıqlı təsirləri hələ tam əks etdirə bilmədiyini vurğulayırlar.

Robot insan kimi problem həll etməyə çalışır

Texnologiyanın imkanlarını göstərən maraqlı sınaqlardan biri JoyIn Technology şirkətində keçirilib. Hündür şkafa əli çatmayan robot insanın həmin vəziyyətdə necə davrandığını əks etdirən videoya baxdıqdan sonra özü üçün həll yolu tapıb. O, şkafa yaxınlaşmaq üçün qutunu qabağına çəkib və üzərinə çıxmağa cəhd göstərib.

Robotların real istehsalatda tətbiqi də genişlənir. Çində akkumulyator istehsalçısı CATL-in Çjençjou şəhərindəki zavodunda Spirit AI robotları elastik naqillərin birləşdirilməsi işlərini təxminən 99 faiz uğurla yerinə yetirir. Robbyant-ın hazırladığı maşınlar isə Şanxaydakı iki aptekdə əməkdaşların nəzarəti altında sifarişlərin komplektləşdirilməsinə kömək edir.

Bununla yanaşı, sektor müəyyən çətinliklərlə də üzləşir. ABŞ-ın ixrac məhdudiyyətləri Çində qabaqcıl Nvidia çiplərinin əldə edilməsini çətinləşdirir. Şirkətlərin yüksək hesablama gücünə olan tələbatı isə yerli çip istehsalçılarına, o cümlədən Huawei-yə marağı artırır.

Unitree şirkətinin qurucusu Van Sinşin sentyabrda robotlarında OpenAI-nin GPT-6 modelini sınaqdan keçirdiklərini və ümidverici nəticələr əldə etdiklərini bildirib. Onun fikrincə, robototexnikada əsl inqilab növbəti nəsil süni intellekt modelləri ilə baş verə bilər.

Gözlənilən əsas hədəflərdən biri robotların tanımadıqları mühitlərdə belə səsli əmrlər əsasında tapşırıqların ən azı 80 faizini yerinə yetirməsidir.

Lakin bu texnologiyanın gündəlik həyatda və biznesdə kütləvi istifadəsinə hələ vaxt lazımdır. Robototexnika üzrə məsləhətçi Georg Ştilerin qiymətləndirməsinə görə, nümayişlər zamanı uğurlu nəticələr əldə edilsə belə, humanoid robotların müəssisələrdə etibarlı şəkildə tətbiqi üçün aylar deyil, illər tələb oluna bilər.

Aydın