
Misirin qədim Buto şəhəri ərazisində arxeoloqlar təxminən 2600 il əvvələ aid yeraltı memarlıq kompleksi aşkarlayıblar. Tikilinin tapılmasında peyk görüntüləri və geofiziki tədqiqatlardan istifadə olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Tel əl-Farain adı ilə də tanınan Buto şəhərinin tarixi eramızdan əvvəl təxminən 3800-cü ilə, yəni sülaləöncəsi dövrə gedib çıxır. Şəhər erkən İslam dövrünə qədər mövcud olub. Minilliklər ərzində dəfələrlə yenidən qurulduğundan daha qədim tikililər sonrakı tikinti qatlarının və çay lilinin altında qalıb.
Arxeoloji obyektlərin müəyyənləşdirilməsi üçün alimlər “Sentinel-1” peykinin radar məlumatlarından və torpağın elektrik müqavimətini ölçən üsuldan yararlanıblar. Əvvəlcə peyk görüntülərində Nil çayı yaxınlığında qeyri-adi sahələr müəyyən edilib, daha sonra həmin ərazilərdəki yeraltı strukturların üçölçülü modelləri hazırlanıb.
Tədqiqat zamanı yerin 3-6 metr dərinliyində Qədim Misirin Sais dövrünə aid böyük tikili aşkarlanıb. Kiçikmiqyaslı qazıntılar zamanı çiy kərpicdən hörülmüş divarlar və dini əşyalar tapılıb. Tədqiqatçılar tikilinin iri məqbərə və ya ziyarətgah ola biləcəyini ehtimal edirlər.
Bundan əlavə, 6-7 metr dərinlikdə qalın təmiz qum təbəqəsi müəyyən edilib. Alimlər hesab edirlər ki, qədim inşaatçılar binanın bünövrəsini möhkəmləndirmək və yükü bərabər paylamaq üçün həmin qumdan süni əsas kimi istifadə etmiş ola bilərlər.
Arxeoloqlar gələcəkdə tədqiqat ərazisini genişləndirməyi, sonrakı tikinti qatlarının altında başqa qədim tikililərin, o cümlədən daha bir məbədin olub-olmadığını araşdırmağı planlaşdırırlar.
Aydın