
Almaniyanın şərqində yerləşən Xemnits şəhəri son illərdə turistlərin diqqətini cəlb etməyə başlayıb. Orta əsrlərdən qalma memarlıq nümunələri, yenidən qurulmuş sənaye məhəllələri, nisbətən ucuz qiymətlər və sakit atmosfer şəhəri səyahət həvəskarları üçün cəlbedici istiqamətə çevirib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Travel Off Path” portalı məlumat yayıb.
Saksoniya federal torpağında yerləşən və təxminən 247 min əhalisi olan Xemnits 2025-ci ildə turizm sahəsində rekord göstəriciyə nail olub. Həmin il şəhərdə turistlərin gecələmə sayı 743 minə çatıb. Bu, əvvəlki illə müqayisədə 24 faiz çoxdur. Xemnits 2025-ci ildə İtaliyanın Qoritsiya şəhəri ilə birlikdə Avropanın Mədəniyyət Paytaxtı statusunu da daşıyıb.
Şəhər vaxtilə Şərqi Almaniyanın əsas sənaye mərkəzlərindən biri olub. Berlin divarının süqutuna qədər Karl-Marks-Ştadt adlandırılan Xemnitsdə keçmiş fabrik və istehsalat binalarının bir çoxu bu gün mədəniyyət və istirahət məkanlarına çevrilib.
Bunun ən yaxşı nümunələrindən biri vaxtilə tekstil maşınlarının istehsal olunduğu Wirkbau kompleksidir. Hazırda burada yaradıcı studiyalar, kafelər və restoranlar fəaliyyət göstərir.
Orta əsrlərdən qalan memarlıq və tarixi məkanlar
Xemnitsin tarixi mərkəzi şəhərin əsas turistik məkanlarından sayılır. Burada qədim yarımtaxta evlər, piyada küçələri, meydanlar və tarixi binalar qorunub saxlanılıb. Şəhərin əsas nöqtələrindən olan Bazar meydanında Köhnə və Yeni bələdiyyə binaları, eləcə də barokko üslubunda tikilmiş Ziqert evi yerləşir.
Turistlərin diqqətini cəlb edən digər tikili XII əsrə aid, 35 metr hündürlüyündəki Qırmızı Qüllədir. 1945-ci ildə bombardmanlar zamanı zərər görən abidə sonradan bərpa edilib.
Şəhərin görməli yerləri arasında XIV əsrə aid Müqəddəs Yakob kilsəsi, Opera Teatrı və Kunstsammlungen incəsənət muzeyi də var.
Xüsusi maraq doğuran məkanlardan biri isə Şlosberq məhəlləsidir. Daş döşənmiş küçələri və tarixi evləri ilə seçilən ərazidə 1136-cı ildə əsası qoyulmuş keçmiş Benedikt monastırının bir hissəsi olan Qala kilsəsi yerləşir. Kilsənin yaxınlığında şəhərin ən qədim pablarından sayılan Kellerhaus fəaliyyət göstərir.
Xemnitsin qərb hissəsində yerləşən Rabenştayn qalası da turistlərin ziyarət etdiyi məkanlardandır. Saksoniyanın ən kiçik qalası hesab edilən bu tikilidə tarixi otaqları, qülləni və silah kolleksiyasını görmək mümkündür.
Almaniya ilə müqayisədə daha münasib qiymətlər
Xemnitsin turistlər üçün üstünlüklərindən biri də yaşayış və gündəlik xərclərin nisbətən aşağı olmasıdır. Səyahət portalının məlumatına görə, şəhərdə ucuz restoranda nahar təxminən 17 dollara, iki nəfərlik şam yeməyi 67 dollara başa gəlir. Yarım litr pivənin qiyməti 4,5 dollar, kapuçino isə təxminən 4 dollardır.
Büdcəli hotellərdə bir gecəlik qalmaq üçün təxminən 90 dollar ödəmək lazımdır. Günlük ictimai nəqliyyat bileti 7,4 dollar, muzeylərə giriş isə 9-11 dollar arasında dəyişir.
Şəhərin müasir mədəniyyət həyatı da turistlər üçün maraqlıdır. Keçmişdə texniki qurum kimi istifadə olunan Weltecho binasında hazırda qalereya, kafe, kinozal və klub fəaliyyət göstərir. Burada xüsusilə həftəsonları müxtəlif mədəni tədbirlər təşkil olunur.
Səyahət müəllifi Xemnitsi Almaniyanın digər böyük şəhərləri ilə müqayisədə daha sakit və təhlükəsiz məkan kimi qiymətləndirib. Bununla belə, gecə saatlarında mərkəzi dəmiryol vağzalı ətrafında və bəzi məhəllələrdə diqqətli olmağı tövsiyə edib.
Aydın