Xəbər lenti

Kimliyini dəyişən cəmiyyət: Azərbaycanda soyad dəyişikliyinin görünməyən səbəbləri
Ölkə11:51 04.11.2026

Kimliyini dəyişən cəmiyyət: Azərbaycanda soyad dəyişikliyinin görünməyən səbəbləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ad və soyad dəyişikliyi sənəd üzərində kiçik düzəliş kimi görünsə də, əslində dərin sosial transformasiyanın göstəricisidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Sadıq Rüstəmli son illərdə ad və soyad dəyişikliyi ilə bağlı müraciətlərin sayının artmasının səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, bu tendensiyanın arxasında bir-biri ilə əlaqəli dörd əsas sosial meyl dayanır.

Sosioloq ilk növbədə simvolik dekolonizasiya və milli kimlik axtarışını qeyd edib:

“Birinci meyl simvolik dekolonizasiya və milli kimliyin güclənməsidir. Sovet dövründən miras qalmış soyad formaları bu gün bir çox vətəndaş, xüsusilə də gənc nəsil tərəfindən yad ünsür kimi qəbul olunur. Məmmədovdan Məmmədliyə, Əliyevadan Əlizadəyə keçid sadəcə linqvistik dəyişiklik deyil. Bu, fərdin özünü yeni milli kimlik kontekstində təqdim etmək cəhdidir. Sosiologiyada bunu gündəlik həyatın dekolonizasiyası adlandırırıq”.

Sadıq Rüstəmlinin fikrincə, ikinci mühüm amil sosial damğadan xilas olmaq istəyidir. O hesab edir ki, bəzi ad və soyadlar cəmiyyətdə qeyri-ixtiyari şəkildə damğalama vasitəsinə çevrilir:

“Mənası köhnəlmiş, tələffüzü çətin və ya gülüş doğuran adlar isə xüsusilə yeniyetməlik dövründə və əmək fəaliyyətinə başlayarkən insan üçün psixoloji baryer yarada bilir”.

Sosioloq vurğulayıb ki, insanlar əmək bazarında və sosial münasibətlərdə qarşılaşdıqları mümkün stereotiplərdən uzaqlaşmaq, özlərini daha rahat ifadə etmək üçün ad və soyadlarını dəyişməyə üstünlük verirlər:

“Üçüncü amil bioqrafik qırılma və yeni başlanğıc istəyidir. Təhlillər göstərir ki, soyadını dəyişənlər arasında boşanmış qadınlar, eləcə də valideynləri ilə münasibətlərini kəsmiş şəxslər xüsusi yer tutur. Keçmiş həyat yoldaşının soyadından imtina edərək ata soyadına qayıtmaq və ya ata soyadından imtina edib ana soyadını götürmək keçmişlə simvolik hesablaşma, əvvəlki həyat mərhələsini geridə qoymaq və yeni səhifə açmaq cəhdidir”.

Sosioloq dördüncü amil kimi adqoyma ənənəsində baş verən paradiqma dəyişikliyini göstərib.

Onun sözlərinə görə, əvvəllər uşaqlara əsasən ailə və nəsil ənənəsinə uyğun olaraq nənə-babalarının adları verilirdisə, indi valideynlər bu seçimə daha çox fərdi və sosial perspektivdən yanaşırlar.

“Bu gün valideyn üçün övladına verdiyi ad ilk sosial investisiyalardan birinə çevrilib. Qlobal dünyada rahat səslənən, qısa, yadda qalan, fərqlənən və müasir təsir bağışlayan adlara – Alya, Aren, Dəniz, Nil kimi seçimlərə üstünlük verilir. Bu prosesə Türkiyə mədəniyyətinin, sosial medianın və miqrasiya amilinin birgə təsiri var”.

Sadıq Rüstəmlinin qənaətinə görə, ad və soyad dəyişikliklərinin artması modernləşmə, fərdiləşmə və cəmiyyətin dəyişən özünütəsdiq ehtiyacları ilə bağlıdır.

Sosioloq hesab edir ki, bu tendensiya qarşıdakı illərdə də güclənməkdə davam edəcək.

Bahar Rüstəmli