
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC Füzuli Memorial Kompleksinin tikintisi ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi “Real-İnşaat” MMC seçilib. Kompleksin tikintisinə görə şirkətə 13 111 620,96 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, “Real-İnşaat” MMC 13 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi Nizami Nüsrət oğlu Allahverdiyevdir. Şirkətin rəsmi internet səhifəsində 2005-ci ildən fəaliyyət göstərdiyi və müxtəlif mürəkkəb tikinti layihələrini həyata keçirdiyi bildirilir.
Diqqətçəkən məqam isə şirkətin vergi öhdəlikləri ilə bağlıdır. Hazırda vergi sistemində “Real-İnşaat” MMC-nin 5 549,36 manat vergi borcunun olduğu göstərilir.
Bəs vergi borcu olan şirkətin dövlət satınalmasında qalib seçilməsi qanunvericiliyə uyğundurmu?
“Dövlət satınalmaları haqqında” qanunvericiliyə görə, təchizatçının vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması onun satınalma prosedurlarında iştirakına maneə yaradır. Lakin hər hansı cari borcun mövcudluğu avtomatik olaraq tenderdə iştirak və qalib elan edilmək üçün qadağa demək deyil. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də əvvəlki açıqlamasında izah verib.
Beləliklə, “Real-İnşaat” MMC-nin sistemdə görünən 5 549,36 manat borcunun vaxtı keçmiş öhdəlik olub-olmaması əsas məsələdir. Əgər borc vaxtı keçmiş öhdəlikdirsə, şirkətin tenderin qalibi seçilməsi qanunvericiliyin tələbləri baxımından suallar yaradır. Bununla bağlı satınalma komissiyasının şirkətin vergi vəziyyətini hansı sənədlər əsasında qiymətləndirdiyi də maraq doğurur.
Seyid