Xəbər lenti

Kirayə, ərzaq, kommunal: 1000 manat maaşla pul yığmağın yolları
Ekonomiks14:00 04.11.2026

Kirayə, ərzaq, kommunal: 1000 manat maaşla pul yığmağın yolları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda aylıq 1000 manat maaş alan şəxsin pul yığmaq imkanı bir sıra amillərdən asılıdır. Kirayə, ərzaq, nəqliyyat və kommunal xərclər aylıq büdcənin əsas hissəsini təşkil edir. Bu xərclərin düzgün planlaşdırılması və gəlirin bölüşdürülməsi yığım imkanlarına birbaşa təsir göstərir.

Bəs mövcud yaşayış xərclərini nəzərə alsaq, 1000 manat maaşla ay ərzində nə qədər pul yığmaq və uzunmüddətli maliyyə ehtiyatı yaratmaq mümkündür?

Xərclər üzrə konsultant Ruzanna Bəşirova Qaynarinfo-ya açıqlamasında bildirib ki, 1000 manat maaş alan şəxsin yığım imkanlarını qiymətləndirərkən ilk növbədə onun yaşayış şəraiti və ailə vəziyyəti nəzərə alınmalıdır:

“İlk növbədə, Bakıda yaşayıb 1000 manat maaş alan şəxsləri müxtəlif kateqoriyalara bölmək lazımdır. Buraya öz evində yaşayan subay şəxslər, kirayədə qalanlar, ailəli olub həyat yoldaşı da işləyənlər, eləcə də ailəni təkbaşına dolandıran və uşaqları olan şəxslər daxildir.

Əgər şəxs subaydırsa və öz evində yaşayırsa, gəlirinin təxminən üçdə birini yığa bilər. Subay olub kirayədə yaşayan şəxsin isə ay ərzində təxminən 100 manat yığım etməsi mümkündür.

Ailəli şəxs öz evində yaşayırsa və ailənin digər üzvü də gəlir əldə edirsə, 1000 manatlıq maaşının təxminən üçdə birini yığa bilər. Lakin ailənin digər üzvü işləmirsə, yığım etmək xeyli çətinləşir. Ailəli şəxs kirayədə yaşayırsa və ailənin digər üzvünün gəliri yoxdursa, bu halda yığım etmək, demək olar ki, mümkün olmayacaq.

Ailədə uşaqların olması da xərcləri artıran əsas amillərdəndir. Belə vəziyyətdə istər şəxsin öz evi olsun, istərsə də kirayədə yaşasın, yığım etmək çox çətinləşir. Çünki ailə məsələlərində insanlar çox vaxt duyğusal qərarlar verirlər və bu da xərclərin planlaşdırılmasına təsir göstərir”.

R. Bəşirovanın sözlərinə görə, aylıq gəlirin nə qədərinin yığıma yönəldilə bilməsi, bəzi xərclərin həcmindən asılıdır:

“Burada kirayə, bazarlıq və kommunal xərclərin miqdarı yığıma təsir edən əsas göstəricilərdir. Məsələn, kirayə haqqı şəhərdən kənarda 200 manat, şəhərə daha yaxın ərazilərdə isə 400-500 manat ola bilər. Təbii ki, bu fərq şəxsin yığım imkanlarına birbaşa təsir edəcək.

Kommunal xərclərdə də fərqlər var. Məsələn, mənzildə mərkəzi istilik sistemi olduqda kommunal ödənişlər azala bilər, kombi sistemi isə xərcləri artıra bilər. Bazarlıq və nəqliyyat xərcləri də eyni qaydada dəyişir.

Gəlir sabit olsa da, xərclər hər bir şəxsin həyat tərzinə uyğun fərdi şəkildə tənzimlənməlidir. Buna görə də 1000 manat maaş alan hər kəs üçün eyni qənaət modelini tətbiq etmək mümkün deyil”.

R. Bəşirova vurğulayıb ki, bu məbləğdə gəlir əldə edən şəxs xərclərini planlaşdırmalıdır:

“1000 manat maaş alan şəxsin həyat tərzini fərdi şəkildə təhlil edib planlama aparmaq lazımdır. Burada diqqət edilməli məqamlar insandan-insana dəyişir. Buna görə də hamıya şamil edilə biləcək ümumi bir yanaşma söyləmək çətindir”.

Ruzanna Bəşirova əlavə edib ki, düzgün maliyyə planlaması aparıldıqda uzunmüddətli yığım etmək mümkündür:

“Düzgün planlama aparıldıqda bu gəlirlə də yığım etmək və maliyyə ehtiyatı yaratmaq realdır”.

Rəfiqə Abdin