Xəbər lenti

33 ölkədən fövqəladə vəziyyət çağırışı: Qlobal böhran təhlükəsi və Azərbaycanın hazırlığı
Ekonomiks15:08 04.11.2026

33 ölkədən fövqəladə vəziyyət çağırışı: Qlobal böhran təhlükəsi və Azərbaycanın hazırlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gündür ölkə mətbuatında dünyanın 33 ölkəsinin hökumətinin əhalini fövqəladə vəziyyətlərə hazır olmağa çağırması ilə bağlı məlumatlar yayılır. Həmin məlumatlarda insanlara 72 saatlıq, bəzi ölkələrdə isə bir həftəlik ərzaq, içməli su, dərman və digər zəruri ləvazimat ehtiyatı saxlamaq tövsiyə olunur. Bildirilir ki, bu çağırışların arxasında müharibə təhlükəsi, təbii fəlakətlər və digər ciddi risklər dayanır.

Bəs Azərbaycan belə qlobal böhranlara hazırdırmı?

İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, 2026 və ya 2027-ci illə bağlı xüsusi bir təhlükə gözlənilmir:

"Bu, ümumi davranış qaydalarının müəyyənləşdirilməsidir. Yəni 2026 və ya 2027-ci il üçün hansısa xüsusi təhlükə yoxdur ki, atılan addımların məhz həmin risklə bağlı olduğu deyilsin. Məsələ ondadır ki, nüvə müharibəsi baş verərsə, üç günlük su və ərzaq ehtiyatının olub-olmamasının elə də böyük fərqi olmayacaq. Burada əsas məqam ümumi davranış qaydalarının müəyyənləşdirilməsidir. Hazırda geosiyasi vəziyyət bir qədər gərgindir və bu səbəbdən insanların diqqəti məsələyə yönəldilir. Xüsusi fövqəladə vəziyyət və narahatlıq üçün əsas yoxdur".

Xalid Kərimlinin sözlərinə görə, müasir dövrdə insanlar alış-veriş də daxil olmaqla, bir çox gündəlik əməliyyatlarını elektron sistemlər vasitəsilə həyata keçirirlər. Bu isə müəyyən risklər yaradır:

"Bu təcrübə Qərb ölkələrində çoxdan mövcuddur. Azərbaycanda da insanlar getdikcə ərzaq məhsullarını yaxınlıqdakı mağazalardan kuryer xidmətləri vasitəsilə sifariş edirlər. Bu, özlüyündə səmərəli üsuldur. Məsələn, insan düşünür ki, iş yerində oturub saatına 5 min dollar qazanırsa, 30 dollar da ödəyib çatdırılma xidmətindən istifadə etsin, vaxt itirmədən işini davam etdirsin. Rasional baxımdan bu, səmərəli görünə bilər. Ancaq belə yanaşma insanları rəqəmsal mühitdən və müasir infrastrukturdan asılı vəziyyətə salır. Kibertəhlükəsizlik də bu gün ciddi risklərdən biridir. Elə problemlər yarana bilər ki, insanlar alış-veriş və gündəlik davranış vərdişlərini dərhal dəyişmək məcburiyyətində qalarlar. Məhz buna görə də ümumi ehtiyat tədbirləri görülür. Yoxsa geosiyasi qeyri-müəyyənlik fonunda, məsələn, Londona nüvə zərbəsi endiriləcəyi təqdirdə, üç günlük su ehtiyatının olub-olmaması vəziyyətə ciddi təsir göstərməyəcək”.

Ekspert bunun konkret təhlükə ilə bağlı deyil, ümumi hazırlıq və davranış qaydası olduğunu vurğulayıb:

“Avropa Komissiyasının bəyanatında da bildirilir ki, hər hansı təcili və ya qaçılmaz təhlükə yoxdur. Sadəcə, insanlara bu cür davranmaq tövsiyə olunur”.

Bahar Rüstəmli