
Bakı Şəhər Fəvvarələrinin İstismar İdarəsi bir mənbədən satınalma metodu ilə 20 min 940 manatlıq müqavilə bağlayıb.
Qaynarinfo xəbər verir ki, dövlət satınalmalarının vahid elektron portalında qalib təchizatçının adı “Vətəndaş” kimi göstərilib.
Portalda yerləşdirilən məlumata əsasən, satınalmanın predmeti icarə xidmətidir. Lakin icarəyə götürülən əmlakın nədən ibarət olduğu və müqavilənin digər şərtləri barədə ətraflı məlumat açıqlanmayıb.
Araşdırmamız zamanı müəyyən edilib ki, müqavilənin qarşı tərəfi, yəni “vətəndaş” Məmmədov Qəhrəman Fərman oğludur. Qəhrəman Məmmədov isə Bakı Şəhər Fəvvarələrinin İstismarı İdarəsinin rəisidir. Beləliklə, idarənin rəhbəri eyni zamanda onunla 20 940 manatlıq satınalma müqaviləsi bağlanan fiziki şəxs kimi çıxış edib.
Bir mənbədən satınalma hansı əsasla aparılıb?
Məsələ qanunvericilik baxımından ciddi suallar doğurur. “Dövlət satınalmaları haqqında” Qanunun 4.1-ci maddəsi dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsini tələb edir.
Qanunun 49.1-ci maddəsinə görə, bir mənbədən satınalma yalnız konkret hallarda mümkündür. Məsələn, satınalma predmeti yalnız müəyyən təchizatçıda olduqda və onun əvəzedicisi, alternativi mövcud olmadıqda, yaxud qanunda nəzərdə tutulan təcili tələbat və digər xüsusi hallar yarandıqda bu metoda müraciət edilə bilər. Həmin maddənin 49.3 və 49.4-cü bəndlərinə əsasən, satınalma komissiyası seçimini əsaslandırmalı və nəzarət orqanının razılığını almalıdır.
Hazırkı halda isə icarə xidmətinin məhz Qəhrəman Məmmədovdan alınmasını zəruri edən səbəblər açıqlanmır. Əmlakın ona məxsus olub-olmaması, alternativ icarə imkanlarının araşdırılıb-araşdırılmaması və bir mənbədən satınalmaya nəzarət orqanının razılıq verib-verməməsi məlum deyil.
Digər mühüm məqam maraqlar toqquşmasıdır. Qanunun 6-cı maddəsi satınalma prosesində maraqlar toqquşmasına yol verilməməsini nəzərdə tutur. 6.2.1-ci bəndə əsasən, təchizatçı qismində çıxış edən fiziki şəxs satınalma komissiyasının üzvü, satınalan təşkilatın nümayəndəsi və ya satınalma ilə bağlı digər vəzifələrin icraçısı ola bilməz. Qanunun 9-cu maddəsi isə satınalmalara cəlb olunan vəzifəli şəxslərdən maraqlarını bəyan etməyi və belə toqquşmaların aradan qaldırılmasını tələb edir.
Bu baxımdan, idarə rəisinin özü ilə müqavilə bağlanması təkcə etik deyil, hüquqi qiymətləndirmə tələb edən məsələdir. Xüsusilə onun satınalma qərarına, komissiyanın fəaliyyətinə və müqavilənin bağlanmasına təsir imkanlarının olub-olmaması araşdırılmalıdır. Əgər o, öz vəzifə səlahiyyətlərindən istifadə edərək özü ilə müqavilə bağlanmasına şərait yaradıbsa, bu hal qanunvericiliyin maraqlar toqquşmasına dair tələblərinin pozulması kimi qiymətləndirilə bilər.
Bakı Şəhər Fəvvarələrinin İstismar İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.
Seyid