
ABŞ Prezidenti Donald Tramp Avropada davam edən etiraz aksiyaları və iğtişaşlar fonunda Fransa və İtaliyanın gələcəyi ilə bağlı bədbin proqnoz səsləndirib.
Qaynarinfo xəbər verir ki, Tramp “Fox News” telekanalına telefon müsahibəsində Fransa, İtaliya və digər Avropa ölkələrində baş verən hadisələrə diqqət çəkib. O, Avropada vəziyyətin getdikcə pisləşdiyini iddia edərək bəzi ölkələrin mövcud şəraitdə ayaqda qala bilməyəcəyini bildirib.
“Fransa, İtaliya və digər ölkələrdə baş verənlərə baxın. İşlər çox pis gedir. Açığı, onlar hətta mövcudluqlarını itirə bilərlər”, deyə ABŞ lideri vurğulayıb.
Tramp ABŞ-ın bu ölkələrdən fərqli olaraq inkişaf etdiyini və mövcud vəziyyətin belə davam etməsini istədiklərini də əlavə edib.
Məlumata görə, son aylarda Avropanın bir sıra şəhərlərində etiraz aksiyaları və iğtişaşlar qeydə alınıb. İsveçrənin Sürix şəhərində radikal solçu fəalların yürüşü polislə toqquşmalara çevrilib. Niderlandın Haaqa şəhərində isə gənclərin spontan aksiyası zamanı 34 nəfər saxlanılıb.
Fransada etirazçılar Prezident Emmanuel Makronun müqəvvasını yandırmağa hazırlaşıblar. İtaliyada keçirilən aksiyaların əsas səbəbləri arasında əhalinin ağır iqtisadi vəziyyəti, iri şəhərlərdə mənzil qiymətlərinin bahalığı və hərbi xərclərin artması göstərilir.
“Politico” nəşri Avropa İttifaqı ölkələrində etiraz dalğasının payız və qış aylarında da davam edə biləcəyini proqnozlaşdırıb.
Aydın