
ABŞ-da keçirilən aralıq seçkilərində 94 ildən sonra ilk dəfə Kanzas ştatında Demokratlar Partiyasının namizədi Respublikaçıların nəzarətində olan Senat yerini qazanıb. Texas ştatında isə demokrat Ceyms Talariko son 38 ildə Senata seçilən ilk partiya təmsilçisi olub.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
ABŞ mediasının proqnozlarına görə, Kanzasda Demokratlar Partiyasının namizədi Adam Hamilton 1932-ci ildən bəri Respublikaçıların əlində olan Senat kreslosunu qazanıb. Bu nəticə ştatın siyasi tarixində mühüm dəyişiklik kimi qiymətləndirilir.
Texasda isə Demokratlar Partiyasının namizədi, 37 yaşlı Ceyms Talariko Respublikaçı rəqibi Ken Pakstona qalib gəlib. Bununla o, son 38 ildə Texasdan ABŞ Senatına seçilən ilk demokrat olub. Talariko, həmçinin 1994-cü ildən bəri ştat miqyasında seçki qazanan ilk Demokratlar Partiyası namizədi kimi tarixə düşüb.
Keçmiş müəllim və ilahiyyat üzrə təhsil almış Talariko seçki kampaniyasında dini inanclarını ön plana çıxarıb. O, müstəqil və Respublikaçı seçicilərin dəstəyini qazanmağa çalışıb. Onun qələbəsi 2024-cü il prezident seçkilərində Donald Trampın təxminən 14 faiz fərqlə qalib gəldiyi Texasda aralıq seçkilərinin gözlənilməz nəticələrindən biri olub.
Qeyd edək ki, Respublikaçıların namizədi Ken Pakston seçki kampaniyası dövründə hüquqi və şəxsi qalmaqallarla gündəmə gəlib. O, 2015-ci ildə dələduzluq ittihamı ilə üzləşib, 2023-cü ildə isə Texas Nümayəndələr Palatasında impiçment proseduruna cəlb edilib. Lakin ştat Senatında bəraət alıb.
Aydın