Xəbər lenti

Corciya ştatı tarixində ilk dəfə qaradərili qadın qubernator seçildi
Dünya12:00 04.11.2026

Corciya ştatı tarixində ilk dəfə qaradərili qadın qubernator seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da keçirilən aralıq seçkilərində Corciya ştatında tarixi nəticə qeydə alınıb. Demokratlar Partiyasının namizədi Keyşa Lans Bottoms ştatın ilk qaradərili qadın qubernatoru seçilib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyri-rəsmi nəticələrə əsasən, Bottoms Respublikaçılar Partiyasının namizədi Rik Cekson üzərində qələbə qazanıb. Bununla da o, təkcə Corciyanın ilk qaradərili qadın qubernatoru deyil, həm də ştat tarixində bu vəzifəyə seçilən ilk qadın olub.

Seçkilərin digər mühüm nəticəsi Corciyada hakimiyyətin 24 ildən sonra ilk dəfə Respublikaçılardan Demokratlara keçməsidir. Ştatda sonuncu dəfə 1998-ci ildə demokrat namizəd qubernator seçkilərində qalib gəlmişdi.

2018–2022-ci illərdə Atlanta şəhərinin meri vəzifəsində çalışan Bottoms hazırkı Respublikaçı qubernator Brayan Kempin yerini tutacaq. Onun namizədliyi Demokratlar Partiyasının tanınmış nümayəndələri tərəfindən dəstəklənib. ABŞ-ın keçmiş prezidenti Barak Obama da video-müraciət vasitəsilə Bottomsa dəstəyini ifadə edib.

Aralıq seçkilərində Demokratlar Nyu-York ştatında da qubernatorluq uğrunda mübarizəni qazanıblar. Hazırkı qubernator Keti Hokul Respublikaçı rəqibi Brüs Blekmana qalib gələrək daha dörd il vəzifəsində qalmaq hüququ əldə edib.

Qeyd edək ki, Hokul 2021-ci ildə Endryu Kuomonun istefasından sonra Nyu-Yorkun ilk qadın qubernatoru olmuş, 2022-ci il seçkilərində isə tam müddətə bu vəzifəyə seçilmişdi.

Aydın