
ABŞ-da Demokratlar Partiyasının Konqresə aralıq seçkilərində qələbəsi Polşanın təhlükəsizlik planlarına təsir göstərə bilər. Varşava Vaşinqtonun ölkə ərazisində daimi hərbi baza yaratmaq təşəbbüsündən imtina edə biləcəyindən narahatdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın keçmiş milli müdafiə naziri Mariuş Blaşak RMF FM radiosunun efirində danışıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Polşaya münasibətdə nümayiş etdirdiyi dəstək ölkə üçün mühüm imkan yaradırdı. Lakin seçkilərdən sonra Vaşinqtonun diqqətini daxili siyasi məsələlərə yönəltməsi ehtimalı bu planın reallaşmasını çətinləşdirə bilər.
Blaşak hesab edir ki, hərbi baza yaradılması ilə bağlı qərar ABŞ prezidentinin səlahiyyətində olsa da, Ağ Ev rəhbəri ilə Konqres arasında qarşıdurma yaranarsa, belə bir təşəbbüsün həyata keçirilməsi çətinləşəcək.
Xatırladaq ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış iyunun əvvəlində ABŞ-a ölkə ərazisində daimi hərbi baza yaratmağı rəsmi şəkildə təklif etdiklərini açıqlamışdı.
Polşanın müdafiə nazirinin müavini Çezari Tomçikin sözlərinə görə, bazanın yerləşdirilməsi üçün iki mümkün ərazi – Böyük Polşa və Aşağı Sileziya bölgələri müəyyənləşdirilib. Bununla belə, yekun qərar hələ qəbul edilməyib.
Yaponiya hökuməti də ABŞ-da Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyətindən sonra Prezident Donald Trampın xarici siyasətdə daha sərt mövqe tutacağından narahatdır. Tokioda Vaşinqtonun bundan sonra hansı istiqamətdə hərəkət edəcəyinin əvvəlkindən daha az proqnozlaşdırıla biləcəyini düşünürlər. Bu barədə Yaponiyanın “Asahi” nəşri hökumət mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Yaponiya rəsmiləri ABŞ Konqresinin hər iki palatasında Respublikaçıların üstünlüyünü itirməsinin Trampın qərarlarına təsirini diqqətlə izləyirlər. Yaponiyanın baş nazirinin administrasiyasından olan anonim nümayəndələrdən biri hesab edir ki, Konqres prezidentin təşəbbüslərinə mane olarsa, Tramp siyasi fəallığını daxili məsələlərdən xarici siyasət və təhlükəsizlik sahəsinə yönəldə bilər.
Yapon rəsmilərindən birinin sözlərinə görə, demokratların Senatda da üstünlük qazanması qanunvericilərin Ağ Evə qarşı nəzarət imkanlarını artıracaq. Bu isə Trampın digər istiqamətlərdə hansı addımları atacağı ilə bağlı qeyri-müəyyənlik yaradacaq.
Baş nazir Sanae Takaiçinin müşaviri ABŞ administrasiyasının daxili siyasətdə çətinliklərlə üzləşəcəyi təqdirdə İran ətrafındakı vəziyyətin də diqqətlə izlənildiyini bildirib. Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndələrindən biri isə yaranmış vəziyyətlə bağlı narahatlığın olmadığını söyləməyin doğru olmayacağını qeyd edib.
Bununla belə, Yaponiya hökumətində ABŞ-la müttəfiqlik münasibətlərinin dəyişməyəcəyinə ümid edirlər. Hadson İnstitutunun eksperti Uilyam Çou isə Trampın diqqətini diplomatiyaya yönəldəcəyini, tarif və gömrük rüsumlarının isə qüvvədə qalacağını proqnozlaşdırıb.
Aydın