
Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri. Kamran İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi ilə əlaqədar Sərəncam imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, K. İmanov ordenlə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, sabah Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun 80 yaşı tamam olur. 1946-cı il noyabrın 5-də Bakıda anadan olan Kamran İmanov müxtəlif illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, Müəllif Hüquqları Agentliyinin rəhbəri və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifələrində çalışıb. 2018-ci ildən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinə rəhbərlik edən professor əqli mülkiyyət və müəllif hüquqları sahəsində 110-dan çox elmi əsərin müəllifidir. O, həmçinin 2023-cü ildə Bern Konvensiyası İttifaqının Assambleyasının sədri seçilib.