
2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 18,7 milyard manat ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur.
Artımın pensiya və müavinətlərə, əməkhaqlarına, səhiyyə və təhsilə təsiri necə olacaq? Ayrılan vəsait vətəndaşların gündəlik həyatında real yaxşılaşma yaradacaqmı?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, sosialyönümlü xərclərin artımının əsas hissəsi pensiyalara, müavinətlərə və aşağı gəlirli ailələrə yönəldilməlidir.
İqtisadçının sözlərinə görə, qiymət artımından ən çox bu kateqoriyadan olan insanlar təsirlənir və onların əldə etdiyi əlavə gəlirlər, demək olar ki, tamamilə gündəlik ehtiyaclara sərf olunur:
"Fikrimcə, artımın əsas hissəsi pensiyalara, müavinətlərə və aşağı gəlirli ailələrə yönəlməlidir. Səbəb odur ki, bu qruplar qiymət artımından ən çox təsirlənir və əlavə pulu da demək olar ki, tamamilə gündəlik xərcə yönəldirlər. Səhiyyə və təhsil ikinci prioritetdir, çünki onların təsiri gec hiss olunur, amma uzunmüddətli rifah üçün daha vacibdir".

Akif Nəsirli qeyd edib ki, pensiya və müavinətlərdə artımın təsiri daha tez və aydın hiss oluna bilər. Çünki bahalaşma fonunda bu ödənişlərin indeksləşdirilməməsi vətəndaşların real gəlirlərinin azalmasına səbəb olur.
Onun sözlərinə görə, əməkhaqlarının artırılması da sosial rifah baxımından əhəmiyyətlidir, lakin bu, əsasən büdcə təşkilatlarında çalışan müəyyən qrup insanları əhatə edir:
"Pensiyalar və müavinətlər baxımından ən sürətli və ən görünən təsir məhz buradadır. Bahalaşma fonunda indeksləşmə olmasa, real gəlir azalır. Əməkhaqları isə əsasən büdcə təşkilatlarında çalışanlara, yəni müəllim, həkim və dövlət qulluqçularına aiddir. Maaş artımı sosial rifahı artırır, amma yalnız işləyənlərin müəyyən hissəsinə çatır.
Səhiyyədə ödənişsiz xidmətlərin keyfiyyəti artsa, ailələrin cibindən çıxan xərc azalır ki, bu da gizli gəlir artımı kimidir. Təhsildə isə nəticə bir neçə ildən sonra işçi qüvvəsinin keyfiyyətində görünür".
İqtisadçı hesab edir ki, sosial xərclərin 9,2 faiz artırılması hələ əhalinin rifahının eyni səviyyədə yüksələcəyi anlamına gəlmir. Bunun üçün ayrılan vəsaitin strukturu, inflyasiya və büdcənin ümumi maliyyə imkanları nəzərə alınmalıdır.
Akif Nəsirli bildirib ki, ilk növbədə sosialyönümlü xərclərin hansı hissəsinin birbaşa əhaliyə ödənişlərə, hansı hissəsinin isə digər istiqamətlərə ayrıldığı müəyyənləşdirilməlidir:
"Real təsiri isə bir neçə amil müəyyən edəcək. Birincisi, rəqəmin tərkibidir. Sosialyönümlü xərc anlayışına Azərbaycanda büdcə təşkilatlarında çalışanların əməkhaqqı da daxil edilir, beynəlxalq metodologiyada isə bu ayrıca sayılır. Odur ki, ayrılan vəsaitin nə qədərinin birbaşa əhaliyə ödənişlərə, yəni pensiya və müavinətə getdiyini görmək lazımdır.
İkincisi, inflyasiyadır. Nominal artım qiymətlər daha sürətli qalxarsa, real artıma çevrilməyəcək. Üçüncüsü, ümumi büdcənin çərçivəsidir. Gələn il dövlət büdcəsinin xərclərinin cəmi cüzi artması proqnozlaşdırılır. Yəni sosial xərclərin artımı digər sahələrin hesabına, ya da borclanma ilə ödəniləcək və ilkin hesablamalarda kəsirin böyük hissəsinin borclanma ilə maliyyələşdirilməsi nəzərdə tutulur.
Dördüncüsü, vergi yüküdür. Qeyri-neft özəl sektorunda əməkhaqqından tutulan gəlir vergisinin dərəcəsinin yüksəlməsi işləyən vətəndaşın əlinə qalan pulu azalda bilər. Yəni sosial xərclərin artımı bəzi insanlar üçün vergi artımı ilə qismən kompensasiya oluna bilər".
Akif Nəsirli hesab edir ki, sosial xərclərin artırılmasının əhalinin rifahına real təsir göstərməsi üçün vəsait inflyasiyanı üstələyən pensiya və müavinət indeksləşməsinə, eləcə də səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir. 2027-ci il büdcəsinin sosial təsirini tam qiymətləndirmək üçün xərclərin konkret istiqamətlər üzrə bölgüsü açıqlanmalıdır:
"Nəticə olaraq, artım yalnız o halda real rifah gətirəcək ki, pul inflyasiyanı üstələyən pensiya və müavinət indeksləşməsinə və xidmətlərin keyfiyyətinə yönəlsin. Bunu tam qiymətləndirmək üçün büdcənin tam paylanması, yəni hansı maddəyə nə qədər vəsaitin ayrıldığı açıqlandıqdan sonra baxmaq lazımdır".
Günay İlqarqızı