Xəbər lenti

Çində 1800 illik üç qədim gəmi aşkarlandı - Roma ilə əlaqə ehtimalı diqqət çəkdi
Dünya18:55 07.11.2026

Çində 1800 illik üç qədim gəmi aşkarlandı - Roma ilə əlaqə ehtimalı diqqət çəkdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinin paytaxtı Pekində arxeoloqlar təxminən 1800 il əvvələ aid üç taxta gəmi aşkarlayıblar. Yaxşı vəziyyətdə qorunub saxlanılan tapıntılar qədim Çində gəmiqayırma texnologiyasının inkişafı və Şərqlə Qərb arasında mümkün əlaqələr barədə yeni məlumatlar ortaya çıxarıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Gəmilər Pekinin ərazisindən keçən qədim Yunqindxe çayının yatağında tapılıb. Tədqiqatçıların fikrincə, onlar e.ə. 206-cı ildən eramızın 420-ci ilinə qədər davam edən Han sülaləsi və Vey-Tszin dövrünə aiddir. Bunlar Şimali Çində həmin dövrə aid indiyədək aşkarlanmış ən böyük və ən yaxşı qorunmuş çay gəmiləri hesab olunur.

Gəmilərdən ən böyüyünün uzunluğu 14 metrə çatır. Onun taxta hissələrində aşkar edilən heroqliflərdə “rəsmi” və ya “dövlət” mənasını verən işarələrin olması xüsusi maraq doğurub. Bu detal gəmilərin dövlət ehtiyacları üçün istifadə edildiyini ehtimal etməyə əsas verir.

Arxeoloqların diqqətini çəkən əsas məqamlardan biri isə gəmilərin hazırlanma texnologiyasıdır. Belə ki, gövdənin alt hissəsini təşkil edən taxtaların kənarları xüsusi formada yonularaq bir-birinə sıx şəkildə birləşdirilib. Konstruksiyanın möhkəmliyi əlavə taxta birləşdiricilərlə təmin olunub.

Maraqlıdır ki, oxşar üsul qədim Roma dövründə Aralıq dənizi hövzəsində gəmiqayırmada da geniş tətbiq edilib. Bu texnologiyadan təxminən e.ə. I əsrdən eramızın V əsrinə qədər istifadə olunub. Həmin üsulun Aralıq dənizi regionundan kənarda nadir hallarda müşahidə edilməsi Çin tapıntılarını daha əhəmiyyətli edir.

Alimlər hesab edirlər ki, bu oxşarlıq qədim Şərq və Qərb sivilizasiyaları arasında texnoloji və mədəni mübadilənin mövcudluğuna dair yeni araşdırmalara yol aça bilər. Bununla belə, eyni konstruksiya üsulunun tətbiqi texnologiyanın birbaşa Romadan Çinə ötürüldüyünü sübut etmir.

Çin və Roma arasında qədim əlaqələr

Tarixi mənbələrə görə, Han sülaləsi dövründə Çinlə Qərb dünyası arasında ticarət əlaqələri genişlənib. İpək və digər Çin məhsulları qərbə daşınır, əvəzində isə ölkəyə atlar, üzüm və müxtəlif mallar gətirilirdi.

Bu ticarət əlaqələrində əsas vasitəçilərdən biri müasir İran və Mesopotamiya ərazilərini əhatə edən Parfiya dövləti olub.

Tarixi qeydlərdə eramızın 166-cı ilində özlərini Roma elçiləri kimi təqdim edən şəxslərin Çin imperatorunun sarayına gəldiyi də bildirilir. Onların müasir Vyetnam ərazisindən dəniz yolu ilə Çinə çatdıqları və özləri ilə fil sümüyü də gətirdikləri qeyd olunur. Lakin tarixçilər həmin şəxslərin həqiqətən Roma dövlətinin rəsmi nümayəndələri, yoxsa tacirlər olması barədə hələ də mübahisə edirlər.

Arxeoloji tapıntılar da bu əlaqələrin mövcudluğuna dair müəyyən sübutlar təqdim edir. Belə ki, Aralıq dənizi hövzəsində Çin ipəyinin nümunələri, Çində isə Qərb mənşəli şüşə məmulatları aşkarlanıb.

Pekində tapılan 1800 illik gəmilər qədim sivilizasiyalar arasındakı ticarət və texnoloji əlaqələrin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

Aydın