
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen sol dizindən keçirdiyi zədə səbəbindən əməliyyat olunub. Nigeriyalı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı da məlum olub.
Qaynarinfo xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı hücumçunun sağlamlıq vəziyyəti ilə bağlı rəsmi məlumat yayıb.
UEFA Çempionlar Liqasında “Ştutqart”la qarşılaşmada zədələnən Osimhenin MRT müayinəsi zamanı dizində sərbəst fraqment aşkarlanıb. Bundan sonra futbolçu klubun həkimi Yener İncenin iştirakı ilə Maslak Acıbadem Xəstəxanasında artroskopik əməliyyat keçirib.
Nigeriyalı hücumçunun təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu səbəbdən o, “Amed Sportif Faaliyetler”lə yanaşı, milli komandaların oyunları üçün yaranacaq fasilədən sonra keçiriləcək “Samsunspor” matçında da iştirak edə bilməyəcək.
“Qalatasaray”ın əsas hədəfi Osimheni noyabrın 24-də Çempionlar Liqasında “Aston Villa”ya qarşı keçiriləcək oyuna qədər hazır vəziyyətə gətirməkdir. Komandanı bundan sonra Super Liqada “Beşiktaş”la derbi də gözləyir.
Qeyd edək ki, Osimhen cari mövsüm “Qalatasaray”ın heyətində 11 matçda meydana çıxıb. O, bu görüşlərdə 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Aydın