
Qış aylarında soyuq havadan uzaqlaşmaq və günəşli günlərin dadını çıxarmaq istəyənlər üçün turistlərin az üz tutduğu bir sıra istiqamətlər var. Turizm ekspertləri bu qış izdihamdan qaçmaq istəyən səyahətçilərə Mərkəzi Amerika, Karib hövzəsi, Şimali Afrika, Cənubi Amerika və Avropanın cənubundakı beş məkanı tövsiyə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” yazıb.
Nikaraqua – Mərkəzi Amerikanın gizli incisi

“Voyageurs du Monde” şirkətinin həmtəsisçisi Tom Barberin fikrincə, Nikaraqua uzun illərdir turistlərin diqqətindən kənarda qalan ölkələrdəndir. Halbuki burada sörfinq üçün əlverişli sahillər, Sakit okean çimərlikləri, zəngin vəhşi təbiət, müstəmləkə dövründən qalan şəhərlər və möhtəşəm vulkanlar var.
Ekspert ölkənin Kosta-Rika ilə müqayisə edilə biləcək təbiət və istirahət imkanlarına malik olduğunu, lakin turistlərin sayının və qiymətlərin daha aşağı qaldığını bildirir.
Səyahət zamanı Qranada və Leon şəhərlərini gəzmək, Ometepe adasındakı vulkanlara qalxmaq, Masaya vulkanının kraterini yaxından görmək mümkündür. Nikaraquaya səfər üçün ən münasib dövr dekabrdan aprelədəkdir. Bu aylarda Sakit okean sahilində havanın temperaturu əsasən 28-33 dərəcə arasında dəyişir.
Dominika – Karib hövzəsinin yaşıl guşəsi

Dominikan Respublikası ilə qarışdırılmamalı olan Dominika Qvadelupa və Martinika adalarının arasında yerləşir. Ərazisinin təxminən 70 faizi meşələrlə örtülən bu ölkənin 14 faizi milli parkların payına düşür.
Burada turistlər üçün əsas maraqlı məkanlardan biri təxminən 185 kilometr uzunluğundakı Vaytukubuli piyada marşrutudur. Karib hövzəsinin ən uzun yürüş yollarından sayılan bu cığır UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Morne-Troa-Piton Milli Parkından da keçir. Parkın ən məşhur təbiət möcüzələrindən biri isə Qaynayan göldür.
Dominikada yerli Kalinaqo xalqının mədəniyyəti və ənənələri ilə tanış olmaq, dalğıclıqla məşğul olmaq, eləcə də sahil sularında yaşayan kaşalotları müşahidə etmək mümkündür. Səyahət üçün yanvar-aprel ayları daha əlverişli hesab olunur. Bu müddətdə temperatur 27-30 dərəcə təşkil edir.
Tunis – Şimali Afrikanın mədəniyyət xəzinəsi

Tom Barber turistlərin tez-tez Mərakeş və Misirə üstünlük verdiyini, Tunisin isə layiq olduğu diqqəti görmədiyini düşünür. Onun sözlərinə görə, ölkənin paytaxtı Tunis şəhəri Mərakeşin Mərakeş şəhəri ilə müqayisədə daha sakit atmosferi ilə seçilir.
Paytaxt yaxınlığındakı Sidi Bu Səid qəsəbəsi ağ evləri, mavi qapıları və Aralıq dənizinə açılan mənzərələri ilə diqqət çəkir. Tarix həvəskarları isə qədim Karfagen şəhərinin qalıqlarını ziyarət edə bilərlər.
Tunisdə finikiyalıların, romalıların, ərəblərin, osmanlıların və fransızların mədəni irsi bir araya gəlir. Bundan başqa, “Ulduz müharibələri” filmlərinin ilk hissələrindən bir sıra səhnələrin çəkildiyi məkanları da görmək mümkündür.
Qış səfəri üçün fevral-mart ayları tövsiyə olunur. Bu zaman ölkənin şimalında temperatur 15-20, cənubunda isə 18-23 dərəcə arasında dəyişir.
Uruqvay – Cənubi Amerikanın az tanınan istiqaməti

“The Ultimate Travel Company” şirkətinin direktoru Hemiş Van Qruyzen Uruqvayı Cənubi Amerikanın diqqətdən kənarda qalan incilərindən biri adlandırır. Argentina, Çili, Braziliya və Peru kimi ölkələrlə müqayisədə Uruqvaya daha az turist səfər edir.
Atlantik okeanı sahilində yerləşən ölkə qızılı çimərlikləri, zəngin mətbəxi, keyfiyyətli şərabları və sakit istirahət imkanları ilə seçilir. Ekspert burada üzüm bağlarını, ənənəvi malikanələri və sahil şəhərlərini gəzməyi məsləhət görür.
Cordano və El Legado kimi butik şərab zavodlarını ziyarət etmək, paytaxt Montevideonun mədəni həyatı ilə tanış olmaq da səyahət proqramına daxil edilə bilər.
Uruqvaya getmək üçün ən münasib vaxt noyabrdan martadək olan dövrdür. Həmin aylarda havanın temperaturu 25-32 dərəcəyə çatır.
Alqarve – Avropada qış günəşi

Günəşli istirahət üçün mütləq başqa qitəyə yollanmaq lazım deyil. Portuqaliyanın cənubunda yerləşən Alqarve bölgəsi qış aylarında da mülayim havası ilə turistləri cəlb edə bilər.
Yay mövsümündən fərqli olaraq, qışda burada izdiham az olur. Səyahətçilər boş çimərliklərdə gəzə, sahil mənzərələrini seyr edə, açıq havada nahar edə və gün batımından zövq ala bilərlər.
Bölgədə duz mədənlərini və istiridyə fermalarını ziyarət etmək, delfinləri müşahidə etmək üçün dəniz gəzintisinə çıxmaq, at sürmək, qolf və tennis oynamaq da mümkündür.
Ekspertlər Alqarveyə səfər üçün fevral ayını daha münasib hesab edirlər. Bu zaman temperatur təxminən 17 dərəcə olur, yağıntılar azalır və günəşli günlərin sayı artır.
Aydın