
Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 1 ünvanında yerləşən "Toretto" restoranının fəaliyyətindən narazılıq var.
Sakinlər restoranın səs-küyündən narahat olduqlarını deyirlər.
Onlar hər gün restoranda gecə saatlarından səhərədək davam edən musiqinin səsindən təngə gəldiklərini iddia edirlər.
Sakinlər "Xəzər Xəbər"in qaynar xəttinə bununla bağlı video da göndəriblər.
Sakinlərin narazılığı bununla da bitmir. Onların sözlərinə görə, iaşə obyektinin sahibi 9 mərtəbəli yaşayış binasının blokundan birbaşa restorana əlavə giriş qapısı açıb.
Məsələ ilə bağlı mövqelərini öyrənmək üçün iaşə obyektinə yaxınlaşaraq içəri daxil oluruq. Bizi mətbəxdə çalışan əməkdaşlar qarşılayır. Onlar obyektin icarədarının hazırda iş yerində olmadığını bildirirlər.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan ünvanda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis tərəfindən müvafiq tədbirlər görülüb. Bununla əlaqədar obyektin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilib. Hüquqpozma halı təkrar baş verəcəyi təqdirdə, qanunvericiliyə uyğun olaraq daha ciddi inzibati tədbirlərin görüləcəyi də obyekt sahibinin diqqətinə çatdırılıb.