Xəbər lenti

Dünyanın ən yaxşı restoranı İspaniyadadır - TOP-10
Dünya22:18 07.11.2026

Dünyanın ən yaxşı restoranı İspaniyadadır - TOP-10

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2026-cı il üzrə dünyanın 50 ən yaxşı restoranının reytinqi açıqlanıb. Siyahının zirvəsində İspaniyanın Bask bölgəsində yerləşən Asador Etxebarri restoranı qərarlaşıb. Müxtəlif ölkələrdən seçilən məkanlar qeyri-adi yeməkləri, fərqli təqdimat üsulları və xüsusi kulinariya konsepsiyaları ilə diqqət çəkir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Reytinqdə İspaniya, Tailand, Danimarka, Meksika, Honkonq, Peru və Fransanın tanınmış restoranları yer alıb. Onların bəziləri ənənəvi mətbəxi müasir texnologiyalarla birləşdirir, digərləri isə qonaqlara adi nahardan daha çox, çoxsaatlıq qastronomik təcrübə təqdim edir.

Reytinqin ilk onluğunda yer alan restoranlar:

1. Asador Etxebarri – Atxondo, İspaniya

2026-cı ilin dünyanın ən yaxşı restoranı seçilən Asador Etxebarri açıq odda yemək bişirmək ənənəsi ilə tanınır. Bask bölgəsinin sakit kəndində yerləşən restoranın sahibi və baş aşpazı Viktor Arqinzoniz yüksəkkeyfiyyətli məhsullardan istifadə etməklə sadə inqrediyentləri xüsusi qastronomik nümunələrə çevirir.

Məkanın 14 yeməkdən ibarət dequstasiya menyusunda əsas diqqət qril texnikasına və məhsulların təbii dadının qorunmasına yönəlib.

2. Gaggan – Banqkok, Tailand

İkinci pillədə Hindistan mətbəxinə müasir yanaşması ilə seçilən Gaggan restoranı qərarlaşıb. Burada hind kulinariya ənənələri fransız, tay və yapon təsirləri ilə birləşdirilir.

Restoranın fərqli cəhətlərindən biri yeməklərin teatrallaşdırılmış təqdimatıdır. Menyuda hər yemək xüsusi emoji ilə işarələnir, qonaqlar isə bəzi təamları əlləri ilə yeməyə, hətta boşqabı yalamağa təşviq edilirlər.

3. Alchemist – Kopenhagen, Danimarka

Alchemist ənənəvi restoran anlayışından xeyli fərqlənir. Burada qonaqlara adi yemək mərhələləri əvəzinə bir neçə hissəyə bölünmüş 50 fərqli “təəssürat” təqdim olunur.

Saatlarla davam edən bu təcrübə zamanı ziyarətçilər müxtəlif məkanlarla, incəsənət nümunələri və qeyri-adi sənətkarlıq üsulları ilə tanış olurlar. Hər yemək yalnız dadmaq üçün deyil, həm də insanı düşündürmək məqsədi daşıyır.

4. Quintonil – Mexiko, Meksika

Latın Amerikasının ən yaxşı restoranı kimi də tanınan Quintonil ənənəvi Meksika dadlarını yaradıcı yanaşma ilə birləşdirir. Menyuda kokos sousunda təqdim olunan qızardılmış ördək və melipona arılarının balından hazırlanan dondurma kimi qeyri-adi təamlar var.

5. Wing – Honkonq

Wing restoranı Çin mətbəxinin müxtəlif istiqamətlərinə xüsusi yanaşması ilə seçilir. Burada resepti 80 dəfədən çox təkmilləşdirilmiş xırtıldayan Kanton toyuğu, şəkər qamışı ilə hisə verilmiş göyərçin və xüsusi xəmirə bükülmüş dəniz xiyarından hazırlanan yeməklər təqdim olunur.

Yeməyin sonunda qonaqlara manqo, quava və digər tropik meyvələrdən ibarət xüsusi seçim də təklif edilir.

6. The Chairman – Honkonq

Asiyanın aparıcı restoranlarından sayılan The Chairman ənənəvi Kanton mətbəxini yenilikçi reseptlərlə zənginləşdirir. Onun menyusunda istiridyə və çili bibəri ilə hazırlanan xüsusi yumurta yeməyi də var.

Digər restoranlardan fərqli olaraq, burada təqdimatın teatrallığından çox, yeməklərin keyfiyyətinə və dadına üstünlük verilir.

7. Kjolle – Lima, Peru

Kjolle həm yeməklərinin rəngarəng görünüşü, həm də qeyri-adi dad birləşmələri ilə diqqət çəkir. Dequstasiya menyusuna Braziliya qozu ilə hazırlanan dəniz məhsulları, həmçinin qarğıdalı ilə təqdim olunan mal əti qabırğaları daxildir.

Restoranın interyeri də Peru sənətkarlıq ənənələrini əks etdirir.

8. Kadeau – Kopenhagen, Danimarka

Kadeau restoranında əsas məqsəd qonaqlara təbiətlə bağlılıq hissini yaşatmaqdır. Aşpazlar mövsümi və yabanı bitkilərdən, fermentasiya üsullarından istifadə edirlər. Məhsulların bir hissəsi komanda tərəfindən təbiətdən toplanır.

Kiçik və rahat məkanın interyerində Skandinaviya üslubu ilə Yapon dizayn elementləri birləşdirilib.

9. DiverXO – Madrid, İspaniya

Madridin ən innovativ restoranlarından biri hesab edilən DiverXO üç “Michelin” ulduzuna sahib aşpaz Dabiz Munyosun yaradıcılığını əks etdirir. Burada ənənəvi kulinariya qaydalarından kənara çıxan, eksperimentlərə əsaslanan yeməklər təqdim olunur.

Restoranın menyusu aşpazın yaradıcı və avanqard yanaşmasının nümunəsi kimi qiymətləndirilir.

10. Plénitude – Paris, Fransa

İlk onluğu Parisdəki Cheval Blanc hotelində fəaliyyət göstərən Plénitude tamamlayır. Restoran qonaqlara yeməkdən əvvəl şərab zirzəmisinə baş çəkmək, mətbəxdə xüsusi təam dadmaq və hətta gizli pendir mağarasını ziyarət etmək imkanı yaradır.

Beləliklə, burada nahar sadəcə yemək prosesi deyil, kulinariya və teatr elementlərini birləşdirən xüsusi təcrübəyə çevrilir.

Aydın