Xəbər lenti

Aİ Ukraynaya görə yenidən borclanmalı olacaq - "Welt"
Dünya17:27 08.11.2026

Aİ Ukraynaya görə yenidən borclanmalı olacaq - "Welt"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyini davam etdirmək üçün 40 milyard avrodan artıq yeni borc götürməsi ehtimalı var. Bu halda Aİ-nin Kiyevə yardımla bağlı ümumi borc öhdəliyi 200 milyard avronu keçə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın “Welt am Sonntag” nəşri Avropa Komissiyasının məlumatlarına əsaslanan hesablamalarında yazıb.

Məlumata görə, Avropa İttifaqı indiyədək Ukraynaya 166 milyard avro vəsait ayırıb. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin əlavə 70 milyard avroya ehtiyacı olduğunu açıqlayıb. Hazırkı planlara əsasən, bu məbləğin 46 milyard avroluq hissəsini Avropa İttifaqı qarşılamalıdır.

Vəsaitin bir hissəsinin Avropada dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına təmin edilməsi nəzərdə tutulur. Ancaq bu mənbənin imkanları məhduddur. Avropa Komissiyasının məlumatlarına görə, son iki ildən bir qədər artıq müddətdə həmin aktivlərdən təxminən 8 milyard avro gəlir əldə olunub. Sonuncu – 1,4 milyard avroluq ödəniş isə avqust ayında həyata keçirilib.

Beləliklə, dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər Ukraynaya ayrılması planlaşdırılan 46 milyard avronun yalnız kiçik bir hissəsini qarşılaya bilər.

“Welt” yazır ki, aktivlərin əsas məbləği hüquqi səbəblərdən toxunulmaz qaldığı üçün yeni ortaq Avropa borclarının cəlb edilməsi ən real variant kimi görünür.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynanın mülki enerji və logistika infrastrukturuna hücumları ölkənin büdcə kəsirini daha da artırır. Hazırda Ukrayna dövlət büdcəsinin təxminən yarısı Avropa İttifaqının maliyyə dəstəyindən asılıdır.

Avropada yardımla bağlı fikir ayrılıqları artır

Bununla yanaşı, Aİ-yə üzv bir sıra ölkələrdə Ukraynaya əlavə maliyyə yardımı göstərilməsinə qarşı narazılıq güclənir. Gələn ilin mayında Fransada keçiriləcək prezident seçkilərində namizədlərdən biri olan Marin Le Pen Ukraynaya yardımın dayandırılmasını və Fransanın bu istiqamətdəki ödənişlərinin hazırkı səviyyənin təxminən 20 faizinə endirilməsini təklif edib.

Almaniyanın “Sol” partiyasının nümayəndəsi Ditmar Barç da yeni yardım paketlərini tənqid edib. O bildirib ki, Ukraynaya dəstək Almaniyada sosial xərclərin azaldılması hesabına həyata keçirilməməlidir. Barç Almaniya kansleri Fridrix Merz və Avropa İttifaqı rəhbərliyini sülh danışıqlarında daha fəal iştirak etməyə çağırıb.

Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Marsel Fratşer isə müharibə ilə əlaqədar ümumi Avropa istiqrazlarının buraxılmasını təklif edir. Onun fikrincə, bu istiqrazların uzunmüddətli ödənişi ümumi vergi daxilolmaları hesabına təmin oluna bilər.

Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl Ukraynaya ümumi məbləği 90 milyard avro olan kredit çərçivəsində əlavə 4,36 milyard avro ayırıb. Vəsaitin dövlət xidmətlərinin maliyyələşdirilməsi və təxirəsalınmaz müdafiə ehtiyaclarının qarşılanması üçün istifadə olunacağı bildirilib.

Aydın