Xəbər lenti

KİV: ABŞ İranın blokadasını quru sərhədlərinə və Xəzər dənizinə qədər genişləndirəcək
Dünya11:15 08.11.2026

KİV: ABŞ İranın blokadasını quru sərhədlərinə və Xəzər dənizinə qədər genişləndirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ İrana qarşı tətbiq etdiyi dəniz blokadasını genişləndirərək silah və sanksiyalara məruz qalan digər materialların quru sərhədləri və Xəzər dənizi vasitəsilə ölkəyə daşınmasının qarşısını almağa çalışacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri bu məqsədlə “Iron Gate” adlı yeni əməliyyat qrupu yaradıblar. Florida ştatının Tampa şəhərində yerləşəcək qrup digər dövlət qurumları ilə koordinasiyalı fəaliyyət göstərəcək. Onun əsas vəzifələrindən biri İrana müasir silahların, ikili təyinatlı texnologiyaların və sanksiyalara məruz qalan materialların çatdırılmasını məhdudlaşdırmaqdır.

Agentliyin araşdırmasına əsasən, İran 2025-ci ilin yanvarından etibarən Qərbin sanksiyalarından və ABŞ-ın dəniz blokadasından yayınaraq ən azı 2 milyard dollar dəyərində avadanlıq, partlayıcı maddə və ağır yük maşınları idxal edib.

Həmin yüklər müxtəlif marşrutlarla ölkəyə çatdırılıb. Rusiyadan Xəzər dənizi vasitəsilə yük gəmiləri, Mərkəzi Asiyadan yük avtomobilləri, Çindən isə yük təyyarələri istifadə olunub. Bu tədarüklərin İranın hərbi strukturları ilə əlaqəli gizli şəbəkə vasitəsilə təşkil edildiyi bildirilir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi bildirib ki, “Iron Gate” əməliyyat qrupu Maliyyə Nazirliyi, Dövlət Departamenti, Ədliyyə Nazirliyi və kəşfiyyat qurumları ilə birgə işləyəcək.

CENTCOM-un komandanı admiral Bred Kuperin sözlərinə görə, qurumlararası əməkdaşlığın gücləndirilməsi İranın terrorizmi maliyyələşdirmək, silah istehsalı müəssisələrini bərpa etmək və silahlı qüvvələrinin təchizatını təmin etmək imkanlarını daha da məhdudlaşdıracaq.

ABŞ blokadanın nəticələrini açıqlayıb

CENTCOM-un qiymətləndirməsinə görə, dəniz blokadası İranın 25 milyard dollardan artıq dəyərdə xam neft ixrac etməsinin qarşısını alıb. Bununla belə, Tehran məhdudiyyətlərdən yayınmaq üçün alternativ yollar axtarmaqda davam edir.

“Reuters”in daha əvvəl dəniz təhlükəsizliyi üzrə dörd mütəxəssisə istinadən yaydığı məlumata görə, İran iyul ayından etibarən ABŞ-ın dəniz blokadasına baxmayaraq, mayeləşdirilmiş qaz və aviasiya yanacağı ixrac edib.

Tehran Oman sahilləri yaxınlığında Fars körfəzi ölkələrinin digər istehsalçılarına məxsus yüklərin gəmidən-gəmiyə daşınması əməliyyatlarından istifadə edərək öz məhsullarını gizlətməyə çalışıb.

Bu ixrac həcmləri İranın əvvəlki enerji tədarükü ilə müqayisədə az olsa da, ölkənin neft məhsullarının ABŞ blokadasını keçə bildiyini göstərən nümunələrdən biri kimi qiymətləndirilir.

Aydın