
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri yazıldı. Bu tarix xalqımız üçün təqvimdə sadəcə bayram kimi qeyd olunan gün deyil.
Həmin gün 30 ilə yaxın davam edən işğala son qoyulması, illərlə gözlənilən qayıdış ümidinin gerçəkləşməsi və minlərlə insanın doğma yurd həsrətinin sona çatması istiqamətində həlledici mərhələ yaşandı.
Sentyabrın 27-də başlayan, noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaran 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında dönüş nöqtəsi oldu. Bu müddətdə Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək ölkənin hərbi və siyasi tarixində yeni səhifə açdı.
8 Noyabr Zəfərinə aparan yolun hər günü, hər əməliyyatı və hər qələbəsi Azərbaycan tarixində xüsusi yer tutur.
Bəs 44 gün davam edən müharibə və Zəfərimiz tarixdə necə qaldı?
İşğaldan Zəfərə aparan yol
Azərbaycan torpaqlarının işğalı və Ermənistan-Azərbaycan münaqişəsi uzun illər ölkənin əsas siyasi və təhlükəsizlik məsələlərindən biri olub. 1990-cı illərin əvvəllərində baş verən Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edildi, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü.
İşğal nəticəsində şəhər və kəndlər dağıdıldı, yaşayış infrastrukturu məhv edildi, tarixi və dini abidələrə ciddi ziyan dəydi. Məcburi köçkün ailələri uzun illər ölkənin müxtəlif bölgələrində çadırlarda, yataqxanalarda və vaqonlarda yaşamağa məcbur oldular.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822 (30 aprel), 853 (29 iyul), 874 (14 oktyabr) və 884 (12 noyabr) saylı qətnamələrlə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiqlədi. Qətnamələrdə işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu.
Lakin uzun illər davam edən danışıqlar münaqişəni həll edə bilmədi. Azərbaycan ərazilərinin qaytarılması istiqamətində real addımlar atmaq istəməyən Ermənistan hakimiyyəti sülh yolu ilə həll imkanlarını tükəndirdi. Bununla yanaşı, Ermənistan ordusu vaxtaşırı atəşkəsi pozurdu.

Azərbaycanın bu vəziyyətlə barışmayacağı, gec-tez işğala layiqli cavab veriləcəyi isə aydın idi. Ölkə bu illər ərzində ordusunu gücləndirir, hərbi arsenalını müasir silahlarla təchiz edirdi.
2016-cı ilin aprelində baş verən dördgünlük döyüşlər Azərbaycanın hərbi imkanlarını və ordunun döyüş hazırlığını nümayiş etdirdi.
2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən toqquşmalar isə regionda gərginliyi daha da artırdı. Həmin hadisələrdən sonra Bakıda və ölkənin digər bölgələrində keçirilən orduya dəstək aksiyaları xalqın torpaqların azad edilməsi istəyinin bariz nümunəsi idi.
Nəhayət, illərlə davam edən gərginlik 2020-ci ilin sentyabrında müharibəyə çevrildi və Azərbaycan xalqı üçün yeni tarix – Zəfər tarixi yazılmağa başladı.
27 sentyabr 2020-ci il - Vətən müharibəsinin başladığı gün
2020-ci ilin sentyabrında cəbhə xəttində vəziyyət daha da gərginləşmişdi. Həmin günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif çaplı silahlardan, minaatanlardan və artilleriyadan atəşə tuturdu. Buna cavab olaraq Silahlı Qüvvələrimiz cəbhəboyu əks-hücum əməliyyatlarına başladı. Sonradan bu əməliyyatlar “Dəmir Yumruq” adlandırıldı.

Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bəyan etdi. Dövlət başçısının “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” çağırışı müharibə günlərində xalqın əsas şüarlarından birinə çevrildi.
Sentyabrın 28-də ölkədə hərbi vəziyyət elan edildi, Prezidentin sərəncamı ilə qismən səfərbərlik başladı. Cəbhədə döyüşlər şiddətləndiyi bir vaxtda ölkənin bütün bölgələrində orduya dəstək və həmrəylik nümayiş etdirilirdi.
44 günün əsas hadisələri - Xronologiya
Döyüşlərin ilk günlərindən Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu müdafiə istehkamlarını yarıb keçdi.
Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd, həmçinin bir sıra strateji yüksəkliklər işğaldan azad edildi.

27 sentyabr 2020-ci il – Əks-hücum əməliyyatları başladı
Azərbaycan Ordusu cəbhənin bir neçə istiqamətində əks-hücum əməliyyatlarına başladı. İlk gün Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz kəndi və Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, həmçinin Murovdağ istiqamətindəki yüksəkliklər azad edildi.
3 oktyabr 2020-ci il – Suqovuşan və Talış azad edildi
Müharibənin yeddinci günündə ordumuz Tərtər rayonunun Suqovuşan və Talış kəndlərini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun isə Aşağı Əbdürrəhmanlı kəndini azad etdi.
Suqovuşanın azad edilməsi strateji baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Kənd mühüm yüksəkliklərə və su ehtiyatlarına nəzarət baxımından vacib mövqedə yerləşirdi.
4 oktyabr 2020-ci il - Cəbrayıl şəhəri azad edildi
Müharibənin ilk böyük şəhər qələbələrindən biri Cəbrayılın azad edilməsi oldu. Şəhərlə yanaşı, rayonun bir sıra kəndləri də işğaldan azad edildi. Bu uğur cəbhənin cənub istiqamətində irəliləyiş üçün mühüm imkanlar yaratdı.
9 oktyabr 2020-ci il - Hadrut qəsəbəsi azad edildi
Azərbaycan Ordusu Xocavənd rayonunun Hadrut qəsəbəsini və Sur kəndini, eləcə də Cəbrayıl və Füzuli rayonlarının bir sıra kəndlərini azad etdi. Hadrutun azad edilməsi Qarabağın daxilinə doğru irəliləyiş baxımından mühüm mərhələ idi.
14–16 oktyabr 2020-ci il - Xocavənd istiqamətində irəliləyiş
Azərbaycan Ordusu Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser, Edişə, Düdükçü, Edilli, Çiraquz və digər kəndlərini, həmçinin Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini azad etdi.
17 oktyabr 2020-ci il – Füzuli şəhəri azad edildi
Cənub istiqamətində ən mühüm hərbi uğurlardan biri Füzuli şəhərinin azad olunması oldu. Şəhərlə yanaşı, rayonun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndləri də işğaldan azad edildi.
18 oktyabr 2020-ci il – Xudafərin körpüsündə Azərbaycan bayrağı qaldırıldı
Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndləri, Xudafərin qəsəbəsi azad edildi. Tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının dalğalanması müharibənin ən yaddaqalan hadisələrindən birinə çevrildi.
20 oktyabr 2020-ci il – Zəngilan şəhəri azad edildi
Azərbaycan Ordusu Zəngilan şəhərini, Havalı, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndlərini, eləcə də digər yaşayış məntəqələrini işğaldan azad etdi. Bu qələbə Azərbaycanın cənub istiqamətində mövqelərini daha da gücləndirdi.
21–22 oktyabr 2020-ci il - Zəngilan istiqamətində irəliləyiş
Zəngilan rayonunun Mincivan qəsəbəsi və bir sıra kəndləri, o cümlədən Bartaz istiqamətindəki yaşayış məntəqələri azad edildi. Azərbaycan Ordusu cənub cəbhəsində əməliyyatları davam etdirdi.
23 oktyabr 2020-ci il - Qubadlı istiqamətində döyüşlər
Azərbaycan Ordusu Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir sıra kəndlərini azad etdi. Bununla da Qubadlı şəhəri istiqamətində irəliləyiş üçün yeni imkanlar yarandı.
25 oktyabr 2020-ci il - Qubadlı şəhəri azad edildi
Azərbaycan Ordusu Qubadlı şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bu qələbə Şuşaya doğru irəliləyiş üçün mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı.
26–30 oktyabr 2020-ci il - Şuşa istiqamətində əməliyyatlar
Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində əməliyyatları davam etdirdi. Oktyabrın 28-də Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı və Zərnəli kəndləri, sonrakı günlərdə isə digər yaşayış məntəqələri azad edildi.
Müharibənin bu mərhələsində əsas diqqət Şuşa istiqamətində irəliləyişə yönəlmişdi.
2–7 noyabr 2020-ci il - Şuşa uğrunda döyüşlər
Müharibənin taleyini müəyyən edən əsas mərhələlərdən biri Şuşa əməliyyatı oldu. Azərbaycan hərbçiləri çətin dağlıq relyefdə, sıldırım qayalıqlarda və mürəkkəb hava şəraitində irəliləyərək şəhərə daxil oldular.
Şuşanın coğrafi mövqeyi onun hərbi-strateji əhəmiyyətini artırırdı. Qarabağın mərkəzində yerləşən şəhər tarixi, mədəni və hərbi baxımdan xüsusi əhəmiyyət daşıyırdı.
8 noyabr 2020-ci il - Şuşa işğaldan azad edildi
Nəhayət, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqının 28 illik Şuşa həsrətinə son qoyuldu. Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi.
Şuşanın azad edilməsi Vətən müharibəsinin ən həlledici hərbi nəticəsi oldu. Çətin relyefdə həyata keçirilən əməliyyat Azərbaycan hərb tarixində xüsusi yer tutdu.

Həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azad olunduğunu elan etdi:
“Şuşanı azad etdik! Bu, böyük Qələbədir! ... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Bu müraciət Azərbaycan xalqının yaddaşına Zəfər müjdəsi kimi həkk olundu. Şuşanın azad edilməsi ilə müharibənin hərbi-siyasi taleyi faktiki olaraq həll edildi.
9 noyabr 2020-ci il - 44 günlük müharibənin son döyüş günü
Azərbaycan Ordusu əməliyyatları davam etdirərək Zəngilan, Cəbrayıl, Qubadlı, Füzuli, Xocavənd və Laçın rayonlarının bir sıra yaşayış məntəqələrini, eləcə də strateji yüksəklikləri azad etdi.
Həmin gün 71 kənd, bir qəsəbə və səkkiz strateji yüksəklik işğaldan azad edildi. Beləliklə, sentyabrın 27-dən noyabrın 9-dək davam edən 44 günlük döyüşlər ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd azad olundu.
10 noyabr 2020-ci il - Üçtərəfli bəyanat imzalandı
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalandı.
Sənədə əsasən, noyabrın 10-u saat 00:00-dan etibarən hərbi əməliyyatlar dayandırıldı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmağı öhdəsinə götürdü. Eyni zamanda, bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi və kommunikasiyaların açılması ilə bağlı müddəalar müəyyənləşdirildi.
Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi qələbəsi ilə başa çatdı.
Ali Baş Komandanın diplomatik qələbələri
Vətən müharibəsinin nəticəsini yalnız cəbhədə aparılan hərbi əməliyyatlarla izah etmək mümkün deyil. 44 günlük müharibə Azərbaycanın siyasi iradəsinin, hərbi gücünün, diplomatik fəaliyyətinin və xalqın milli həmrəyliyinin bir araya gəldiyi tarix idi.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibənin ilk günündən həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə fəal mövqe nümayiş etdirdi. Müharibənin gedişini izləyən və hərbi-siyasi proseslərə rəhbərlik edən dövlət başçısı mütəmadi olaraq xalqa müraciətlər edir, cəbhədəki vəziyyət, azad edilən ərazilər və əməliyyatların gedişi barədə məlumat verirdi.

Həmin dövrdə İlham Əliyevin xarici media orqanlarına verdiyi çoxsaylı müsahibələr informasiya və diplomatik cəbhənin mühüm hissəsinə çevrildi. BBC, CNN, Euronews, France 24 və digər beynəlxalq media qurumlarına verdiyi müsahibələrdə Azərbaycanın mövqeyini, münaqişənin tarixini, beynəlxalq hüququn tələblərini və işğal faktını dünya ictimaiyyətinin diqqətinə çatdırırdı.
Dövlət başçısı çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün bərpasını əsas məqsəd kimi göstərirdi. O, hərbi uğurları xalqa çatdırmaqla yanaşı, beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini izah etməyə çalışırdı.
Prezidentin Şuşanın azad edilməsi xəbərini məhz Şəhidlər xiyabanından xalqa çatdırması da xüsusi rəmzi məna daşıyırdı.
Xalqın gücü və “Dəmir Yumruq”: Milli birliyin nümayişi
44 günlük müharibənin ən mühüm tərəflərindən biri Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylik idi.
Cəbhədə əsgər və zabitlərimiz döyüşdüyü bir vaxtda ölkənin bütün bölgələrində insanlar orduya dəstək göstərir, könüllülər müxtəlif təşəbbüslərlə çıxış edir, maddi və mənəvi yardım təşkil edirdilər. Müharibə günlərində minlərlə gənc könüllü olaraq ordu sıralarına qoşulmaq istəyirdi.
Hər qələbə xəbəri ölkəboyu böyük sevinclə qarşılanırdı. Çünki insanlar yaşından, sosial vəziyyətindən və yaşadığı bölgədən asılı olmayaraq eyni amal ətrafında birləşmişdilər: işğal altındakı torpaqların azad edilməsi.
Azərbaycanlıların birliyi ölkə sərhədlərini də aşmışdı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın mövqeyini müdafiə edir, informasiya mübarizəsinə qoşulur, xalqın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdılar.
Bu müharibə Azərbaycan cəmiyyətinin milli kimliyini, dövlətçilik şüurunu və Vətən anlayışına bağlılığını bir daha nümayiş etdirdi. “Dəmir Yumruq” ifadəsi də məhz bu siyasi iradənin, ordu-xalq birliyinin və milli həmrəyliyin rəmzinə çevrildi.
Gəncə, Bərdə və Tərtərdə mülki əhaliyə qarşı hücumlar
44 günlük Vətən müharibəsi yalnız cəbhə xəttində deyil, Azərbaycanın dinc şəhər və kəndlərində də ağır izlər buraxdı. Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinin raket və artilleriya atəşinə tutulması nəticəsində mülki insanlar həyatını itirdi, evlər, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri dağıntılara məruz qaldı.

Xüsusilə Gəncə və Bərdəyə edilən hücumlar müharibənin ən faciəli hadisələri sırasında yer aldı.
4, 11 və 17 oktyabr 2020-ci il – Gəncəyə raket hücumları
Gəncə şəhəri müharibənin ilk həftəsindən etibarən raket hücumlarına məruz qaldı. Oktyabrın 4-də, 11-də və 17-də şəhərin müxtəlif istiqamətlərinə atılan raketlər mülki əhali arasında tələfat və dağıntılara səbəb oldu.
Human Rights Watch-un araşdırmalarında Gəncəyə edilən hücumlar zamanı “Smerç” reaktiv yaylım atəşi sistemlərindən və “Scud-B” ballistik raketlərindən istifadə edildiyi bildirilib. Təşkilat hücumlarda istifadə olunan silahların yaşayış məntəqələrində yaratdığı təhlükəni sənədləşdirib. Hücumlar nəticəsində mülki şəxslər həlak olub, onlarla insan yaralanıb.
28 oktyabr 2020-ci il - Bərdəyə hücum
Bərdəyə edilən hücum müharibənin ən qanlı mülki faciələrindən biri oldu. Oktyabrın 28-də şəhərin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 21 nəfər həlak oldu, 70 nəfər yaralandı.
Human Rights Watch hadisə yerində apardığı araşdırmada “Smerç” tipli raketlərin qalıqlarını müəyyənləşdirdiyini, hücum nəticəsində mülki obyektlərin, o cümlədən səhiyyə müəssisəsinin və digər infrastrukturun zərər gördüyünü açıqladı. Amnesty International da Bərdəyə atılan raketin qalıqlarının kasetli sursatdan istifadəni təsdiqlədiyini bildirdi.
Bu hücumlar dinc insanların, qadınların, uşaqların və yaşlıların həyatını itirməsi ilə nəticələndi, müharibənin ağır humanitar fəsadlarını bir daha ortaya qoydu.
Gəncə və Bərdə hücumları göstərdi ki, müharibənin ağrısı yalnız cəbhədə yaşanmırdı. Onun ən ağır nəticələrini bəzən döyüş meydanından uzaqda, öz evində təhlükəsiz olduğunu düşünən insanlar yaşayırdı.
Qələbənin qəhrəmanları - şəhid və qazilərimiz
8 Noyabr Zəfərindən danışarkən bu qələbənin hansı ağır itkilər hesabına əldə olunduğunu unutmaq olmaz. Azərbaycan Ordusunun əsgər və zabitləri Vətənin ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçdilər. 44 günlük müharibə Azərbaycanın qəhrəmanlıq tarixinə şəhidlik və fədakarlıq səhifəsi yazdı.
Hərbçilərimiz döyüş meydanında son nəfəsədək mübarizə apardılar. Yaralı vəziyyətdə belə döyüş yoldaşlarını xilas etməyə çalışdılar, üzərlərinə düşən vəzifəni yerinə yetirmək üçün həyatlarını riskə atdılar.

Şəhidlərin əziz xatirəsi daim uca tutulur. Vətən müharibəsində həyatını itirən hərbçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı sərəncamla sentyabrın 27-si Anım Günü elan edildi. Hər il həmin gün şəhidlərin xatirəsi ehtiramla yad olunur.
Zəfərin arxasında yalnız hərbi əməliyyatlar deyil, minlərlə ailənin yaşadığı ağrı, övladını itirən valideynlərin kədəri, həyat yoldaşını və atasını itirən insanların taleyi də dayanır. Buna görə də 8 Noyabr həm qürur, həm də böyük ehtiram günüdür.
Azərbaycanın beynəlxalq mövqeyində yeni mərhələ
44 günlük Vətən müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi. Bu müharibə Cənubi Qafqazda formalaşmış hərbi-siyasi reallığı da dəyişdirdi.
Təxminən 30 il davam edən danışıqlar prosesi münaqişənin həllinə gətirib çıxarmamışdı. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələri qəbul edilsə də, onların icrası təmin olunmamışdı.
2020-ci ildə baş verən müharibə bu reallığı dəyişdi. Azərbaycan hərbi əməliyyatlar nəticəsində ərazilərinin böyük hissəsini işğaldan azad etdi, ardınca isə siyasi və diplomatik müstəvidə yeni mərhələyə keçdi.
Müharibədən sonra Azərbaycanın regional proseslərdə rolu və təsir imkanları artdı. Cənubi Qafqazda qüvvələr nisbəti dəyişdi, Türkiyənin regiondakı mövqeyi gücləndi. Azərbaycan isə nəqliyyat-kommunikasiya xətləri, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin əsas iştirakçılarından birinə çevrildi.
Ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsində hərbi qələbə ilə yanaşı, diplomatik fəaliyyət, enerji təhlükəsizliyi, nəqliyyat layihələri və beynəlxalq təşkilatlarla əməkdaşlıq da mühüm rol oynadı. Azərbaycan müharibədən sonra regionun gələcək siyasi və iqtisadi arxitekturasının formalaşmasında daha fəal iştirak etməyə başladı.
Bu baxımdan 44 günlük müharibə Azərbaycanın yalnız hərbi deyil, siyasi tarixində də yeni mərhələ açdı. Ölkə regionda yeni reallıqların formalaşmasında iştirak edən əsas aktorlardan birinə çevrildi.
8 Noyabr - milli kimliyimizin və dövlətçilik tariximizin Zəfər Günü
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında yalnız hərbi qələbə kimi qalmadı. Bu müharibə milli kimliyin, dövlətçilik düşüncəsinin, tarixi yaddaşın və vətənpərvərlik hissinin daha da gücləndiyi bir mərhələyə çevrildi.
Müharibə göstərdi ki, Vətən anlayışı yalnız coğrafi sərhədlərdən ibarət deyil. Bu anlayış doğma torpağa bağlılıq, ortaq tarix, milli-mənəvi dəyərlər, dil, mədəniyyət və gələcək nəsillər qarşısında məsuliyyət deməkdir.
Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı üçün xüsusi mənəvi əhəmiyyət daşıyan tarixi şəhər öz sahibinə qovuşdu. Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalanması, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və digər ərazilərin azad edilməsi milli yaddaşın mühüm hadisələrinə çevrildi.
Bu qələbə müxtəlif nəsilləri eyni tarixi hadisə ətrafında birləşdirdi. Müharibəni yaşayanlar, cəbhədə döyüşənlər, arxa cəbhədə çalışanlar və qələbəni gələcək nəsillərə ötürəcək gənclər üçün 44 günlük müharibə Azərbaycan tarixinin ortaq yaddaşına çevrildi.

8 Noyabrın əhəmiyyəti də məhz bundadır: bu tarix Azərbaycan xalqının milli birliyini, dövlətçilik iradəsini, Vətən sevgisini və müstəqilliyə bağlılığını təcəssüm etdirir.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük yol noyabrın 8-də Şuşanın azad edilməsi ilə özünün ən yüksək zirvəsinə çatdı, noyabrın 10-da isə hərbi əməliyyatların dayandırılması ilə yeni mərhələyə keçdi.
Bu yolun hər günündə bir tarix, hər qələbəsində bir qəhrəmanlıq, hər uğurunda bir əsgər ömrü var. Bu tarix şəhidlərin qanı, qazilərin sağlamlığı, əsgərlərin fədakarlığı, xalqın birliyi və dövlətin siyasi iradəsi ilə yazıldı.
8 Noyabr Azərbaycan üçün yalnız işğaldan azad olunmuş torpaqların deyil, həm də milli özünüdərkin, dövlətçilik qürurunun və tarixi yaddaşın zəfəridir. Bu zəfərin ən böyük mirası isə gələcək nəsillərə ötürüləcək müstəqil, suveren və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın tarixidir.
Günay İlqarqızı