Xəbər lenti

Arzuxan Əlizadə: "44 günlük müharibə dövlətçilik tariximizin yeni mərhələsini başlatdı"
Siyasət11:00 08.11.2026

Arzuxan Əlizadə: "44 günlük müharibə dövlətçilik tariximizin yeni mərhələsini başlatdı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yalnız ərazi bütövlüyümüzün bərpasına aparan hərbi-siyasi hadisə deyil, həm də dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat hesab edir ki, bu müharibə Azərbaycanın uzun illər davam edən işğal probleminin həlli istiqamətində həlledici dönüş yaradıb və ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyini əhəmiyyətli dərəcədə dəyişib:

"2020-ci il sentyabrın 27-də başlayan və 10 noyabr tarixli üçtərəfli bəyanatla nəticələnən Vətən müharibəsi Azərbaycanın öz suveren hüquqlarını və milli maraqlarını təmin etmək əzmini nümayiş etdirdi. Eyni zamanda, bu qələbə xalqımızın milli birliyinin, ordumuzun gücünün və dövlətin siyasi iradəsinin təzahürü oldu".

Deputat həmçinin müharibədən sonrakı dövrdə Azərbaycanın qarşısında tamamilə yeni imkanların açıldığını vurğulayıb:

"İlk növbədə, ölkəmiz regionda siyasi və diplomatik proseslərin fəal iştirakçısına çevrildi. Azərbaycanın regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya xətlərinin açılması, Orta Dəhlizin inkişafı və yeni iqtisadi əməkdaşlıq formatlarının formalaşdırılması ilə bağlı mövqeyi daha da əhəmiyyət qazandı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda da regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsi öz əksini tapmışdı. Bu, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artıran mühüm amillərdən biridir".

Arzuxan Əlizadə əlavə edib ki, 44 günlük müharibənin nəticələri Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını daha qətiyyətlə müdafiə edən dövlət kimi mövqeyini möhkəmləndirib:

"Sonrakı mərhələdə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində atılan addımlar da bu tarixi prosesin davamı oldu. Lakin hesab edirəm ki, qələbənin əsl nəticəsi yalnız hərbi uğurla ölçülməməlidir. Qarşıda azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, dayanıqlı sülhün təmin olunması və regionda yeni əməkdaşlıq mühitinin yaradılması kimi mühüm vəzifələr dayanır”.

Deputat sonda xatırladıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində təkcə müharibənin başa çatdığı deyil, həm də yeni siyasi, iqtisadi və geosiyasi reallıqların formalaşmağa başladığı dönüş nöqtəsidir.

Bahar Rüstəmli