Xəbər lenti

Alim: Həyatın yaranması ilə bağlı mövcud fərziyyələr inandırıcı deyil
Dünya10:27 08.11.2026

Alim: Həyatın yaranması ilə bağlı mövcud fərziyyələr inandırıcı deyil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həyatın Yer kürəsində necə yarandığı elmin ən böyük sirrlərindən biri olaraq qalır. Mövcud nəzəriyyələr bu prosesin bütün mərhələlərini, xüsusilə də cansız kimyəvi reaksiyalardan mürəkkəb bioloji sistemlərə keçidin necə baş verdiyini izah etməkdə yetərli hesab olunmur.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Semyonov adına Kimyəvi Fizika Federal Tədqiqat Mərkəzinin əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Vladik Avetisov gazeta.ru-ya açıqlamasında bildirib.

Alimin sözlərinə görə, qısa RNT zəncirlərinin təsadüfi kimyəvi reaksiyalar nəticəsində yaranması və özünü kopyalaması nəzəri baxımdan mümkündür. Lakin canlı hüceyrənin ilkin forması hesab edilən protoklet üçün milyonlarla genetik vahiddən ibarət informasiya tələb olunur. Bu isə sadə kimyəvi proseslərin imkanlarını xeyli aşır.

Avetisovun diqqət çəkdiyi əsas problemlərdən biri də genetik məlumatın kopyalanması zamanı səhvlərin yığılmasıdır. Zəncir uzandıqca yanlış molekulyar vahidin əlavə olunması ehtimalı artır. Nəticədə səhvlər bir neçə təkrarlanmadan sonra genetik məlumatın itirilməsinə səbəb ola bilər. Alim bunu “səhvlər fəlakəti” adlandırılan problemlə əlaqələndirib.

Onun izahına görə, böyük həcmdə genetik məlumatın qorunması üçün kopyalanma prosesi son dərəcə dəqiq olmalıdır. Riyazi hesablamalar belə sistemlərdə bir kopyalanma zamanı ən çoxu bir səhvə yol verilə biləcəyini göstərir. Bu səbəbdən təsadüfi kimyəvi reaksiyalardan dəqiq, fermentlərə bənzər molekulyar mexanizmlərə keçidin necə baş verdiyi əsas sual olaraq qalır.

Həyatın yaranmasını izah edən məşhur “RNT dünyası” fərziyyəsi də bu məsələyə tam cavab vermir. Həmin nəzəriyyəyə əsasən, RNT həm genetik məlumatı saxlaya, həm də molekulyar mexanizm kimi fəaliyyət göstərə bilər. Qısa RNT zəncirlərinin bioloji mexanizmlər olmadan da kopyalana bilməsi bu fərziyyənin əsas dayaqlarındandır. Lakin Avetisov hesab edir ki, nəzəriyyə qısa molekullardan milyonlarla genetik vahid daşıyan mürəkkəb sistemlərə keçidi izah edə bilmir.

Alim vurğulayıb ki, hazırda elmi ictimaiyyətdə müzakirə olunan həyatın mənşəyi ilə bağlı fərziyyələrin heç biri onu tam qane etmir. Onun fikrincə, əsas məsələ təsadüfi kimyəvi reaksiyaların necə dəqiq və ardıcıl işləyən bioloji sistemə çevrilməsidir.

Aydın