Xəbər lenti

Sibirdəki mağarada indiyədək məlum olmayan heyvan növünün izləri aşkarlandı
Dünya09:38 08.11.2026

Sibirdəki mağarada indiyədək məlum olmayan heyvan növünün izləri aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sibirdə yerləşən məşhur Denisova mağarasında buz dövrünə aid əvvəllər məlum olmayan heyvan növünün qalıqları aşkarlanıb. Tədqiqatçılar mağarada bir neçə kiçik sümük fraqmenti tapıb və onların DNT analizini aparıblar. Məlum olub ki, qalıqlar müasir yaklarla qohum olan iri məməliyə məxsusdur.

Qaynarinfo xəbər verir ki, bu barədə “Prove” nəşri məlumat yayıb.

Həmin heyvan müasir yakların yaxın qohumu olub. Lakin təxminən 400 min il əvvəl onun təkamül xətti müasir yakların əcdadlarından ayrılaraq müstəqil istiqamətdə inkişaf etməyə başlayıb. Bu baxımdan onun təkamül tarixini insan təkamülünün ayrıca qolunu təşkil edən denisovalıların inkişafı ilə müqayisə etmək olar.

Heyvanın qalıqları insan təkamülünün öyrənilməsi baxımından mühüm kəşflərdən birinin edildiyi Denisova mağarasında tapılıb. Bu barədə “Current Biology” elmi jurnalında dərc olunan məqalədə məlumat verilib.

Denisova mağarası Sibirin cənubunda, Altay dağlarında yerləşir. Məhz burada insan təkamülünün hazırda nəsli kəsilmiş qollarından biri olan denisovalıların qalıqları ilk dəfə aşkarlanıb. Mağaranın aşağı təbəqələrində qədim insanların deyil, çoxsaylı heyvan növlərinin də qalıqları qorunub saxlanılıb.

Yeni araşdırma çərçivəsində alimlər 20 kiçik sümük fraqmentindən qədim genomları bərpa etməyə nail olublar. Onlardan 14-ü Denisova mağarasında, digər altısı isə bölgənin başqa ərazilərində tapılıb.

Tədqiqatın əsas çətinliyi sümüklərin güclü şəkildə parçalanması olub. Bu səbəbdən onların hansı heyvana məxsus olduğunu xarici görünüşünə və anatomik xüsusiyyətlərinə əsasən müəyyənləşdirmək mümkün olmayıb. Bununla belə, sümüklərdən əldə edilən genetik məlumat müasir və nəsli kəsilmiş iribuynuzlu heyvan növlərinin genetik materialı ilə müqayisə edilib.

Nəticədə qalıqların yaklarla yaxın qohumluğu olan, lakin hazırda məlum olan yak növlərinə aid edilməyən heyvana məxsus olduğu müəyyənləşdirilib.

Hazırda tədqiqatçılar bu nəsli kəsilmiş heyvanı şərti olaraq “Yak X” adlandırırlar. Genetik analizə əsasən, onun təkamül xətti müasir yakların xəttindən ən azı 400 min il əvvəl ayrılıb.

Stokholm Universitetinin təkamül genetikası professoru Lav Dalen bu kəşfi xüsusilə diqqətəlayiq hesab edib. Onun sözlərinə görə, alimlər xarakterik anatomik xüsusiyyətlərə malik olmayan sümük qalıqları əsasında əvvəllər məlum olmayan iri heyvanı müəyyənləşdirə biliblər.

Bununla belə, həmin növə hələlik rəsmi elmi ad verilməyib. Bunun üçün əlavə müqayisəli tədqiqatlar aparılmalı və genetik yolla müəyyən edilən heyvanın əvvəllər təsvir edilmiş hansısa fosil növünə uyğun gəlib-gəlmədiyi aydınlaşdırılmalıdır.

Bu yak növü qədim insanlarla qarşılaşmış ola bilər

Denisova mağarası qədim insanlar və heyvanlar haqqında mühüm məlumatların qorunub saxlandığı unikal məkan hesab olunur. Ehtimal edilir ki, “Yak X” qrupları ilə qədim insanların yaşadığı dövrlər və ərazilər üst-üstə düşüb.

Araşdırmanın müəlliflərindən biri olan Yonas Oppengeymer bildirib ki, denisovalılar və ya neandertallar bu iri heyvanları ovlamış ola bilərlər. Lakin hələlik bunu təsdiqləyən birbaşa sübut yoxdur.

Aydın