Xəbər lenti

II Dünya müharibəsinin sirrlərindən biri nəhayət açıldı: 80 il sonra "evinə qayıtdı"
Dünya12:56 08.11.2026

II Dünya müharibəsinin sirrlərindən biri nəhayət açıldı: 80 il sonra "evinə qayıtdı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

II Dünya müharibəsinin “unudulmuş cəbhə”si kimi tanınan Myanmada 1944-cü ildə itkin düşən ABŞ əsgəri Cozef Qalanın taleyinə nəhayət aydınlıq gəlib.

Qaynarinfo xəbər verir ki, Havaydakı Sakit Okean Milli Memorial Qəbiristanlığında 80 ildən artıq müddət ərzində kimliyi müəyyənləşdirilməyən hərbçilərin qalıqları arasında saxlanılan Qalanın şəxsiyyəti alimlərin apardığı genişmiqyaslı diş və genetik analizlər nəticəsində müəyyən edilib. Bu hadisə hərbi tarixdə uzun illər davam edən sirrə son qoyub.

Unudulmuş cəbhənin meşə döyüşçüləri

II Dünya müharibəsi zamanı ABŞ Prezidenti Franklin D. Ruzveltin göstərişi ilə yaradılan xüsusi və təhlükəli hərbi birlik Çin-Myanma-Hindistan cəbhəsində tarixə düşəcək mübarizəyə başlayıb.

Birliyin komandiri Frenk Merrillin adından ilhamlanaraq “Merrill's Marauders” adlandırılan könüllü piyada dəstəsi bölgənin çətin meşə şəraitində Yaponiya qüvvələrinə qarşı döyüşmək üçün vəzifələndirilib.

Könüllü olaraq döyüşlərə qatılan təxminən 3 000 əsgərdən yalnız 200-ü evinə qayıda bilib. Birlikdə xidmət etmiş veteran Sem Vilson həmin günləri belə xatırlayıb:

"Biz artıq gözdən çıxarılmışdıq. Bizi Myanmaya aparmaq üçün kağız üzərində bir plan var idi, amma oradan çıxarmaq üçün heç bir plan yox idi".

3 aprel 1944-cü il tarixli arxiv fotosunda “Merrill's Marauders” kimi tanınan hərbi birlik hazırkı Myanmanın şimalında, o vaxtlar Şimali Birma adlandırılan ərazidə görüntülənib. Düşmən xətlərinin arxasında aylarla yürüşlər və döyüşlər aparan bu birlik ABŞ Konqresinin ən yüksək hərbi təltifinə layiq görülüb.

21 yaşında itkin düşən əsgər: Cozef Qala

Birliyin üzvlərindən biri də ABŞ Quru Qoşunlarının əsgəri Cozef Qala olub. 16 iyun 1944-cü ildə Myanmadakı Myitkyina hava limanının ələ keçirilməsindən sonra Qalanın batalyonu Yapon mövqelərinə doğru irəliləyərək Mankrin kəndinin cənubuna çatıb.

Qala ağır döyüşlər zamanı Mankrin kəndi yaxınlığında itkin düşüb. Cəmi 21 yaşı olan gənc əsgərin ölümü ilə bağlı dəqiq məlumatlar heç vaxt qeydə alınmayıb. Hadisədən sonra, 14 iyul 1944-cü ildə onun döyüşdə həlak olduğu elan edilib.

II Dünya müharibəsi dövründəki məşhur hərbi birləşmə - "Merrill's Marauders"in sağ qalan üzvlərindən biri Lester Hollenbek

Onilliklər davam edən şəxsiyyətin müəyyənləşdirilməsi prosesi

1946-cı ildə bölgədəki hərbi qəbiristanlıqda aşkar edilən bütün hərbçilərin qalıqları əvvəlcə Hindistana, daha sonra isə 1947-ci ildə ətraflı araşdırma aparılması üçün Havaya aparılıb. Lakin həmin dövrün texnologiyası ilə kimlikləri müəyyənləşdirilə bilməyən bir çox əsgər kimi Qalanın nəşi də Honoluludakı Sakit Okean Milli Memorial Qəbiristanlığında “Naməlum əsgər” kimi dəfn edilib.

ABŞ Müdafiə Nazirliyinin Müharibə Əsirləri və İtkin Şəxslərin Uçotu Agentliyinin (DPAA) alimləri uzun illər davam edən antropoloji araşdırmalar, diş analizləri və müasir DNT texnologiyalarından istifadə edərək 10 sentyabr 2025-ci ildə qalıqların sıravi əsgər Cozef Qalaya məxsus olduğunu dəqiqləşdiriblər.

Cozefin ailə üzvü Skott DeQreqori açıqlamasında illərdir davam edən qeyri-müəyyənliyi belə ifadə edib:

“Əslində nə baş verdiyini anlamaq üçün illərlə çalışıblar. Nəhayət, onun evinə qayıda bilməsindən böyük qürur duyuruq”.

80 il sonra gələn vida

ABŞ Ordusu tərəfindən bütün üzvləri Bürünc Ulduz medalı ilə təltif edilən xüsusi hərbi birliyin tərkibində xidmət etmiş Qala nəhayət öz torpağına qayıdıb.

Onun nəşi Massaçusets ştatının Linn şəhərində yerləşən Pine Grove qəbiristanlığında tam hərbi mərasimlə torpağa tapşırılıb.

Mərasimdə iştirak edənlər və əsgərin xatirəsini yaşadanlar Qalanın göstərdiyi cəsarət və fədakarlığın heç vaxt unudulmayacağını bildirərək onunla bu sözlərlə vidalaşıblar:

“Evə xoş gəldin, sıravi Qala. Fədakarlığın, cəsarətin və xidmətin heç vaxt unudulmayacaq. Qəbrin nurla dolsun, qəhrəman”.

Aydın