
Çinli astronomlar Yerdən təxminən 238 işıq ili uzaqlıqda yerləşən K2-155 ulduz sisteminin istiqamətindən qeyri-adi radio siqnalı aşkarlayıblar. Siqnalın bəzi xüsusiyyətləri alimlərin yerdənkənar texnologiyaların axtarışı zamanı diqqət yetirdiyi göstəricilərlə üst-üstə düşür. Lakin onun yadplanetli mənşəli olduğu təsdiqlənməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə “WION” nəşri məlumat yayıb.
NBS 260108 adlandırılan siqnal Çinin FAST radio teleskopu tərəfindən qeydə alınıb. Alimlər onu 2021-ci ildə 33 planet sistemində aparılmış müşahidələrin məlumatlarını yenidən təhlil edərkən aşkar ediblər.
Siqnalın əsas özəlliyi son dərəcə dar tezlik diapazonuna malik olması və tezliyinin tədricən dəyişməsidir. Bu xüsusiyyətlər süni ötürücülərə xas ola bilər. Təbii kosmik proseslər isə adətən belə radio siqnalları yaratmır.
Diqqət çəkən digər məqam siqnalın teleskopun 19 müşahidə şüasından yalnız birində – K2-155 sisteminə yönəlmiş şüada qeydə alınmasıdır.
Ulduz sistemində üç super Yer mövcuddur
K2-155 sisteminə marağı artıran amillərdən biri də burada Yer kürəsindən böyük ölçülərə malik üç super Yerin mövcudluğudur.
Onlardan K2-155d planeti öz ulduzunun ətrafında təxminən 40,7 günə bir dövr edir. Planet maye suyun mövcud ola biləcəyi ehtimal edilən yaşayış zonasına yaxın yerləşir. Bu xüsusiyyətlər sistemi yerdənkənar həyat əlamətlərinin axtarışı üçün maraqlı hədəfə çevirir.
Siqnalın mənbəyi hələ müəyyənləşdirilməyib
Qeyri-adi göstəricilərə baxmayaraq, alimlər siqnalın yadplanetli sivilizasiyadan gəldiyi qənaətinə gəlməyə tələsmirlər.
Sonrakı araşdırmalar zamanı daha üç ulduzun müşahidəsi zamanı da oxşar radio siqnalları aşkarlanıb. Bu isə onların Yer mənşəli radio müdaxiləsi və ya teleskopun öz avadanlıqları tərəfindən yaradılması ehtimalını gücləndirib.
Tədqiqatçılar siqnalın mənbəyini dəqiqləşdirmək üçün teleskopun bütün 19 şüası üzrə qeydləri əlavə təhlil etməyi planlaşdırırlar.
Hazırda NBS 260108 siqnalı yerdənkənar texnologiyanın mövcudluğuna dair təsdiqlənmiş sübut hesab edilmir.
Aydın